“Bilim Bakı” fayda verəcək

Türk xalqlarının intellektual potensialını birləşdirməsi əhəmiyyətli hadisədir

Azərbaycan Türkiyə ilə birgə “Bilim Bakı” mərkəzi yaradacaq. Bununla bağlı İstanbulda keçirilən IV “Texnofest” Festivalı çərçivəsində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və "Baykar Makina" şirkətinin rəhbəri, "Türkiyə Texnologiya Komandası” Fondunun İdarə Heyətinin sədri Haluk Bayraktar arasında mərkəzin yaradılmasına dair Əməkdaşlıq Protokolu imzalanıb.

Mərkəz ASAN Xidmətin açılışı yaxın müddətdə nəzərdə tutulan növbəti "ASAN Həyat" kompleksində fəaliyyət göstərəcək. Mərkəzdə texnologiya, süni intellekt, əşyaların interneti, robototexnika və proqramlaşdırma, kibertəhlükəsizlik, enerji texnologiyaları, riyaziyyat, təbiət elmləri, astronomiya, kosmos və aviasiya və digər istiqamətlərdə təlimlər keçiriləcək.
Mərkəzin hər iki ölkə üçün əhəmiyyətini “Şərq”ə dəyərləndirən BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli vurğulayıb ki, türk xalqlarının intellektual potensialını birləşdirməsi baxımından mərkəzin yaradılması çox vacibdir: “Məlumdur ki, türkdilli dövlətlərin müxtəlif qurumları var. Türk xalqlarının birliyi texniki və elmi inkişaf baxımından da öz səylərini birləşdirməyi nəzərdə tutur. Müsbət haldır ki, belə bir mərkəz yaradılıb. Çünki türk xalqlarının intellektual potensialı kifayət qədər böyükdür. Azərbaycan və Türkiyə alimlərinin imkanlarını birləşdirməsi böyük bir hadisədir. Türkiyə informasiya texnologiyası baxımından da kifayət qədər inkişaf etmiş bir ölkədir”. 

S.Məmmədli qeyd edib ki, qardaş ölkə elmin müxtəlif sahələrində böyük perspektivlərə malikdir:

 “Bu baxımdan Azərbaycanla Türkiyənin birgə “Bilim Bakı” mərkəzini yaradaraq intellektual imkanlarını birləşdirməsi böyük fayda verəcək. Azərbaycanın elmi mərkəzlərində, o cümlədən milli akademiya sistemində nəzəriyyə və təcrübənin birləşdirilməsi həmişə böyük problem olub. Məhz sözügedən mərkəz bizə imkan verəcək ki, azərbaycanlı alimləri və intelektuallarının nəzəri bilikləri və hazırlıqlarını praktiki cəhətdən reallaşdırmaq mümkün olsun. Belə mərkəzin yardılması digər türk dövlətləri üçün də bir örnəkdir”.

Yeganə Bayramova