Ermənistan ordusunda xaos: komandanlıq yox, “dedovşina” çox, bir-birini güllələmə...

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var:
“Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur”.

Ermənistan ordusundakı çaxnaşmalar barədə “Sherg.az”a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov erməni hərbçilərinin başsız vəziyyətdə olduğunu söyləyib:

“44 günlük savaşdan sonra erməni ordusu deyilən bir anlayış yoxdur. Lakin Ermənistana havadarlarıq edənlər hələ də onları ayaq üstdə saxlamağa çalışırlar. Sözsüz ki, orada vahid komandanlıqdan söhbət gedə bilməz, daha çox əyyaşlığa və nizamnamədən kənar münasibətlərə yol verirlər. Dünən baş verənlər də bunun bir sübutudur. Nə qədər ki, normal komandanlıq görməyəcəklər, o zaman qədər xoşagəlməz hallarla üzləşəcəklər. Ermənistanın 44 günlük savaşdan sonra ərazilərmizdə qalan hərbçiləri yaxın həftələrdə zərərsizləşdirilməlidirlər ki, bölgədə sülh və əmin-amanlıq olsun. Onların qalacağı təqdirdə başqa problemlər də yaşaya bilərik. Ona görə də tez zamanda həm Ermənistan tərəfinin qarşısına tələblərimizi qoymalı,  həm də rus sülhməramlıları məsuliyyət daşıyan tərəf kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”.

Ü.Cəfərov qeyd edib ki, bu yaxınlarda ermənilərin ən “elit” hərbi hissələrinin belə ağır itkilərə məruz qaldığı ortaya çıxıb:

“Bundan sonra Ermənistan ordusunun normal şəkildə fəaliyyət göstərə bilməsi üçün uzun illər lazımdır. Reallıq budur ki, hazırda erməni ordusundakı generallar, zabit və əsgərlər arasında xaos hökm sürür. Bu yaxınlarda ordudakı şəxslər gənc erməni əsgərinin şərəf və ləyaqətini alçaldan hərəkətə yol vermişdilər. O da silahla 3 nəfəri öldürmüşdü. Yüzlərlə belə fakt var. Ermənistan ordusunun mənəvi və psixoloji vəziyyəti çox ağırdır”.