“Türkiyəyə qarşı iqtisadi təzyiqlər artır, amma...”



Rusif Məmmədsoy:“...Türkiyə Suriyadan geri çəkilmir və növbəti hərbi əməliyyatlara başlamağı planlaşdırır”


Türkiyə milli valyutası ilə bağlı maraqlı proseslər yaşanır. Qardaş ölkədədə türk lirəsinin məzənnəsi qırmızı xəttə çatıb. Hazırda 1 dollar 9,62 lirəyə düşüb. Bu da günlük 2.27 faiz artım deməkdir.
Maraqlıdır, lirə məzənnəsinin bu durumda olması qardaş ölkənin sanksiyalara məruz qalması kimi qiymətləndirilə bilərmi?

Sualımızı cavablandıran siyasi şərhçi Rusif Məmmədsoyun “Sherg.az”a açıqlamasına görə, Türkiyəyə qarşı təzyiqlər artır. Bunun da səbəbləri var:

“Türkiyə Suriyadan geri çəkilmir və növbəti hərbi əməliyyatlara başlamağı planlaşdırır. Bundan əlavə Yunanıstan, Fransa və İran triosu da qardaş ölkəni hədəfə çevirib. Lakin Türkiyə yalnız deyil. Türk lirəsinin dollar qarşısında dəyər itirməsinə gəldikdə isə bəli, bütün bunlar Amerika Birləşmiş Ştatlarının marağındadır. Ərdoğanın 10 ölkənin səfirini arzuolunmaz şəxs elan edərək göndərməsi bütün bu proseslərdə katalizator rolunu oynayır. Bundan əlavə, ABŞ-la Türkiyə münasibətlərində də gərginlik müşahidə edilir. Türkiyə F-35 -ləri istəyir. Hətta bunun üçün ödəniş də edib. Lakin Amerika vermək istəmir. “Soyuqluq” da məhz buradan yaranır. Bunun müqabilində isə Yunanıstanın hava məkanında qırıcı təyyarələri Türkiyəni üstələyir. Bu isə çox təhlükəlidir”.