"Vaksin millətçiliyi" ifadəsini ilk dəfə İlham Əliyev səsləndirdi"


Musa Quliyev: "Bu da onun artıq dünya siyasətinə çox yaxşı bələd olan bir lider olduğunu göstərir"

Pandemiya dövründə dünya ölkələrinin özünə qapandığı vaxt Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi təbliğ edən ilk ölkələrdən biri olub. Qoşulmama hərəkatına sədrlik edən Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamənin 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunması buna göstərilə biləcək ən tutarlı nümunədir. 
 
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pandemiya dövründə ölkə başçısının  bu istiqamətdəki fəaliyyətini “Şərq”ə dəyərləndirərək bildirib ki, pandemiya başlayanda ən çevik reaksiya verən ölkələrdən biri də Azərbaycan olub: 

“Pandemiya elan olunduqdan bir həftə sonra Prezident İlham Əliyev xüsusi sərəncam imzaladı. Nazirlər Kabinetinə tapşırıq verdi ki, pandemiya ilə mübarizə üçün müvafiq tədbirlər görülsün. Eyni zamanda bu tədbirlər həm də beynəlxalq miqyas aldı. Cənab Prezident həm Türk Şurasının Zirvə toplantılarında, həm də Qoşulmama Hərəkatının zirvə toplantılarında üç dəfə  BMT-yə müraciət etdi. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına  10 milyon dollar ianə etdi, 30-dan çox dövlətə birbaşa özü  humanitar yardım göstərdi”. 

Musa Quliyev cənab Prezidentin  vaksinin  kəşfindən  sonra bir çox dövlətlər və şirkətlərin separat danışıqlara gedərək, onun daha çox hissəsini zəngin dövlətlərin almasına şərait yaratdığını dünya ictimaiyyətinə bəyan etdiyini vurğulayıb: 

“Prezident kasıb dövlətlərin vaksinlə təmin olunmaması məsələsini gündəmə gətirdi. Məhz bu məsələni də ilk dəfə dünya çapında qaldırdı. Qoşulmama Hərəkatının zirvə toplantısında, daha sonra isə BMT kürsüsündən bu məsələni səsləndirdi. Vaksin milliyətçiliyi ifadəsi də  dünyada ilk dəfə İlham Əliyev tərəfindən işlədildi. Bu da onun artıq dünya siyasətinə çox yaxşı bələd olan bir lider olduğunu göstərir. Prezident  2021-ci ilin 24 sentyabrında BMT Baş Assambleyasının 76-cı sessiyasının illik müzakirəsində çıxış etdi. Hətta adlarını çəkərək açıq şəkildə bir sıra ölkələri qınadı ki, siz öz ehtiyaclarınızdan dəfələrlə artıq vaksin sifariş edirsiz. Amma Afrikada, Asiyada olan bir sıra ölkələrə ümumiyyətlə vaksin çatmır. Dünyanın bir çox xəbər agentlikləri  siyasi xadimləri onun  bu çıxışda səsləndirdiyi fikirləri  alqışladılar. Vaksin millətçiliyinə qarşı mübarizədə onun fikirləri dəstəkləndi. Hazırda da bu istiqamətdə uğurla mübarizə aparılır”.