Eyni xəritələr Bakıya və İrəvana təqdim edilib

Qrafikin hazırlanması Zəngəzur dəhlizinin Ermənistan hissəsində inşa işlərinin nə vaxt başlanmasını da müəyyənləşdirəcək

“Hazırda Azərbaycanla Ermənistan arasında hansısa bir sənədin imzalanması ilə bağlı razılıq yoxdur”.  Bu barədə Ermənistan baş nazirinin müavini, Üçtərəfli İşçi Qrupun həmsədri Mqer Qriqoryan “Qraparak” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, görüşlərin keçirilib-keçirilməməsindən asılı olmayaraq, demarkasiya və delimitasiya ilə bağlı danışıqlar prosesi getməlidir. Qriqoryan dekabr ayında Brüsseldə keçiriləcək Azərbaycan və Ermənistan liderlərinin görüşünün gündəliyi barədə sualı cavablandırmayıb. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında vurğulayıb ki, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın sözlərindən belə nəticə çıxır ki, Moskvanın keçirmək istədiyi üçtərəfli görüş sərhədlərin müəyyən olunması prosesinin başlanmasına aid deyil. Analitikə görə, bu məqam prosesin artıq başladığına dair ehtimalı gücləndirir: 

“Nikol Paşinyan sərhəd döyüşündən sonra bildirdi ki, Rusiya Müdafiə Nazirliyinin üç təklifini qəbul ediblər və sərhədin müəyyənləşməsi üzrə komissiyanın yaradılmasına razılıq veriblər. Ardınca İrəvan razılığını yazılı olaraq Moskvaya göndərdi. Rusiya MN-in təkliflərinin konkret nədən ibarət olduğu bəlli olmasa da, əsas məğzinin sərhədin hansı xəritəyə uyğun müəyyən ediləcəyindən ibarət olduğu şübhəsizdir. Mümkündür ki, eyni xəritələr İrəvana və Bakıya təqdim edilib və Moskvanın vasitəçiliyi ilə delimitasiyaya start verilib, yaxud ən azı danışıqlar artıq bu mərhələdədir. Ola bilsin, Putinin keçirmək istədiyi üçtərəfli görüşə qədər delimitasiya müqaviləsi hazırlanır və demarkasiyanı aparacaq komissiya formalaşdırılır. Qriqoryan bildirir ki, “ortaq məxrəcə gəlinib, lakin texniki məsələlərlə bağlı bir neçə variant var, hansı variantın işləyəcəyi ilə bağlı yekun razılaşma yoxdur”. Bu, o deməkdir ki, kommunikasiyanın açılmasında ən vacib detal olan qrafik artıq hazırlanıb, indi məsələnin texniki tərəfləri müzakirə edilir. Qrafikin hazırlanması Zəngəzur dəhlizinin Ermənistan hissəsində inşa işlərinin nə vaxt başlanmasını da müəyyənləşdirəcək”. 

A.Nərimanlının qənaətincə, Qriqoryanın açıqlamalarından çıxan nəticə üçtərəfli görüşün tezliklə - Brüssel görüşünə qədər keçirilməsinə dair şübhələr yaradır:

 “Çünki xəritələr üzərində işin yekunlaşması və kommunikasiyanın açılmasında texniki məsələlərin razılaşdırılması üçün zaman lazımdır. Bu kontekstdə Putinin Paşinyana zəngi İrəvana Avropa masasında Moskvanın razılaşmalarından kənara çıxmamaq haqda xəbərdarlığı kimi qiymətləndirilə bilər”.