Zəngəzur dəhlizinin  reallaşması üçün İran maneəsi də aradan qalxır


Aşqabad görüşü bir daha sübut etdi ki, tərəflər arasında istənilən məsələnin müzakirələr yolu ilə həlli mümkündür

Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb. İmzalanma mərasimində Prezident İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi iştirak edib. Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək. Bu yolla İranın 5 əyalətinin təbii qaza olan ehtiyacı ödəniləcək. 

Sazişlə bağlı öz təəssüratlarını “Şərq”lə bölüşən siyasi-şərhçi Sədrəddin Soltan “Şərq”ə açıqlamasında bildirib ki, görüşdə İranla Azərbaycan arasında təbii qazın tranzit nəqli ilə bağlı sənəd imzalanması mühüm əhəmiyyətə malikdir: 

“Bu razılaşma iki dövlət arasında energetika sahəsində əməkdaşlığın inkişafına təkan verə bilər. Eyni zamanda görüşdə Azərbaycanla İran arasında "Şimal-Cənub" nəqliyyat dəhlizi, həmçinin Zəngəzur dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb. Beləliklə, Aşqabad görüşü bir daha sübut etdi ki, tərəflər arasında istənilən məsələnin müzakirələr yolu ilə həlli mümkündür. Bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və təhlükəsizliyinə hörmət əsasında keçirilən görüşlər, müzakirələr isə perspektivdə əməkdaşlıq və əlaqələrin genişlənməsi, dərinləşməsi üçün yeni fürsətlər açır. Türkmənistanda keçirilən görüş bu istiqamətdə fəaliyyət üçün potensialın tükənmədiyini bir daha təsdiqləyib”.