Ermənistan belə gözləmirdi

Azərbaycan beynəlxalq hüquq müstəvisində də qalibiyyətini təsdiqlədi

Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə bəslədiyi ümidləri və planları boşa çıxdı

Birləşmiş Millətlər Təşkilatının ən ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı 3 iddiasını təmin etməyib. Məhkəmə İrəvan tərəfinin “Müharibə məhbuslarının” dərhal geri qaytarılması, “Hərbi Qənimətlər Parkının bağlanması və Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddialarını əsassız sayıb. Ermənistanın iddialarla bağlı sübutlar təqdim edə bilmədiyi açıqlanıb. Bununla yanaşı, məhkəmə rəsmi İrəvandan azərbaycanlılara qarşı irqi ədavətin, düşmənçiliyin körüklənməsinin qarşısını almağı tələb edib. 

Məlumat üçün deyək ki, Ermənistan tərəfi Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qələbə qazanmaq üçün çoxsaylı manevrlər etmişdi. Məsələn, proses ərəfəsində minalanmış digər ərazilərlə bağlı xəritələri Azərbaycana təhvil vermişdi. Məhz məhkəmənin qərarından çəkindiyi üçün erməni tərəfi xəritələri əvvəlcədən qaytarmışdı. Amma bu və digər aldadıcı manevrlər  alınmadı. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas tələblərini geri çevirdi. 

Əvəzində Ermənistan üzərinə öhdəlik qoyuldu. Məhkəmə Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar verdi.

 Şübhəsiz, ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır. 

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib ki, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı siyasi xalq qazanmağa nail ola bilmədi və vəsatətləri rədd edildi. Nazir müavini bildirib ki, Azərbaycanda saxlanılan bütün şəxslərə humanist yanaşma sərgilənib. 

Onlar mütəmadi tibbi müayinələrdən keçiblər. Beynəlxalq qurumların nümayəndələri ilə görüşlərə icazə verilib, təhlükəsiz şəraitdə saxlanılıblar. Ona görə də qarşı tərəfin bu iddiası rədd edildi. Ermənistan son aylarda Hərbi Qənimətlər Parkının erməni millətinə qarşı etnik nifrətin təzahürü olduğunu iddia edib. Bəzi hallarda müxtəlif səviyyələrdə qərəzli bəyanatların qəbuluna nail olub. Azərbaycan buna sırf hüquqi prizmadan yanaşıb, Beynəlxalq Məhkəmənin qərarını gözləyib. Məhkəmədə parkın mahiyyəti, məqsədi ətraflı izah edilib. Nəticədə məhkəmə Ermənistanın bu vəsatətini də qəbul etməyib. Ermənilər uğursuzluğa düçar olublar”.

XİN rəsmisi əlavə edib ki, beynəlxalq məhkəmələrdə Azərbaycan həqiqətlərinin sübut edilməsinə çalışılacaq:

 “Bundan sonrakı mərhələdə qərarların qəbulunu daha uzun müddət ərzində gözləyəcəyik və işlər görəcəyik. Azərbaycanın mövqeyi hər zaman olduğu kimi beynəlxalq hüquqa əsaslanır. 

Azərbaycan həqiqətlərinin beynəlxalq məhkəmələrdə sübut edilməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik”. E.Məmmədov vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistana qarşı bir sıra konvensiyalar üzrə, xüsusilə ətraf mühitə vurulmuş ziyan, ekoloji və təbii sərvətlərin talan edilməsi ilə bağlı növbəti il şikayətlər qaldırmağa hazırlaşır: “Gələn il iki konkret istiqamət üzrə şikayət veriləcək. Bunlardan biri ətraf mühitə vurulmuş ziyanın miqyası ilə bağlı olacaq. Təbii ki, mövcud bəzi konvensiyalar çərçivəsində həmin ərazilərdə ətraf mühitə vurulmuş ziyanla bağlı məsələnin qaldırılması planlaşdırılır. Digər məsələ enerji resursları ilə bağlı olacaq. İşğaldan azad edilmiş ərazilərdə enerji resurslarından Ermənistanın qanunsuz istifadə etməsi və istismar faktları toplanır və bununla bağlı iddia qaldırılmasına hazırlaşırıq”.

Siyasi şərhçi Elçin Mirzəbəyli hesab edir ki, məhkəmənin Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalara qarşı dövlətin təcili tədbirlər görülməsinə dair qərarı beynəlxalq müstəvidə rəsmi İrəvana və revanşçı qüvvələrə verilən ən önəmli mesajdır. 

Analitikə görə, bu qərar Azərbaycan torpaqlarının işğal edilməsi, soyqırım və etnik təmizləmə aktlarının həyata keçirilməsi, misli görünməmiş vandalizm aktlarının əsas səbəbinin Ermənistandakı ultramillətçilərin aqressiv əhval-ruhiyyəsindən qaynaqlandığını ifadə edir: “Qərar Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən bütün dünyaya erməni millətçiliyinin nə qədər təhlükəli olduğu barədə xəbərdarlığı kimi də qiymətləndirilə bilər. Beynəlxalq Ədalət Məhkəməsinin mina xəritələrinin qaytarılması barədə qərar verməməsinin başlıca səbəbi rəsmi İrəvanın bir neçə gün öncə bu xəritələri Azərbaycana təhvil verməsi ilə bağlıdır. Şübhəsiz ki, Ermənistan yalnız məhkəmənin qərarından çəkindiyi üçün xəritələri Azərbaycana verib. Rəsmi İrəvanın “humanizm” prinsiplərindən çıxış edərək, mina xəritələrini Azərbaycana təhvil verdiyini düşünmək, sözün bütün mənalarında sadəlövhlük olardı. Beləliklə, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə bəslədiyi ümidlər və təbii ki, bu ümidlərdən doğan planları da boşa çıxdı. Manipulyasiya üçün yer qalmadı. Ermənistanın iddialarının təmin edilməməsinin əsas səbəbi, istisnasız olaraq, Azərbaycan tərəfinin nümayiş etdirdiyi çeviklik və peşəkarlıqdır. Azərbaycan döyüş meydanında olduğu kimi hüquq müstəvisində də Ermənistanı məğlub etdi”.