Azərbaycan Ordusunda güclü nəzarət var

Ümumiyyətlə, hərbi hissələrdə smartfon tipli telefonların istifadəsinə qadağa qoyulub

İsveçrə Silahlı Qüvvələri ABŞ xüsusi xidmət orqanlarının telefon danışıqlarının dinlənilməsi təhlükəsinə görə hərbi qulluqçulara “WhatsApp”, “Telegram”, “Signal” və digər xarici mesajlaşma proqramlarından istifadə etməyi qadağan edib.
Bu barədə ötən ilin dekabr ayında ordunun ən yüksək komandanlığına məktub göndərilib.
Məktubda bunun əvəzinə İsveçrədə hazırlanmış “Threema” messencerindən istifadə tövsiyə olunub.

Qeyd edək ki, İsveçrə Silahlı Qüvvələrinin mətbuat xidmətinin məlumatında bildirilib ki, əvvəlcə ümumiyyətlə başqa mesajlaşma xidmətlərindən istifadəyə icazə verilməyəcəyi deyilsə də, sonradan yerli proqram tövsiyə olunub. 
Azərbaycanda, xüsusən də müharibə dövründə sosial şəbəkələrdə gizli qalmalı olan məlumatların paylaşıldığının şahidi olurduq. Bir çox dövlət qurumları da bu barədə paylaşımların edilməməsi ilə bağlı həm hərbçilərə, həm də vətəndaşlara dəfələrlə çağırışlar etmişdi. Bəs Azərbaycan Ordusunda  bu qaydalar necə tənzimlənir? 

Məsələ ilə bağlı “Şərq”ə danışan hərbi ekspert Şair Ramaldanov bildirib ki, bizdə nəinki hər hansı proqramlar, ümumiyyətlə, smartfon işlətməyə belə icazə yoxdur: 

“Azərbaycanda bu proqramları dəstəkləyən smartfon tipli hətta video çəkə bilən, hər hansı üsulla ötürə bilən telefonlar da qadağan olunub. Sadəcə sadə, zəng üçün istifadə oluna biləcək telefonlara icazə verilir. Bu, müdafiə nazirinin əmridir. Buna görə ümumiyyətlə silahlı qüvvələrə əlavə hər hansı qadağa qoymağa ehtiyac yoxdur. 

Əgər sosial mediada bu cür paylaşımlar olursa, paylaşan şəxs müdafiə nazirinin əmrini pozmuş kimi qəbul olunur. Dəfələrlə bu məsələyə görə müddətdən artıq xidmət edənlər ordudan xaric olunublar.  Əgər müddətli əsgərlərdirsə, onlar nizamnamədə qeyd edilmiş qaydalara əsasən cəzalandırılırlar. Bu artıq komandirin öz cəza vermə imkanlarından istifadə edərək verdiyi qərardır. 

Ancaq Azərbaycan Ordusunda buna güclü nəzarət var. Ancaq Azərbaycan Ordusunda və ya digər güc strukturlarında smartfon tipli telefonlar qadağan olunub. Bu məsələnin nəzarət mexanizmi digər əmrlərdə olduğu kimidir. Ümumiyyətlə, silahlı qüvvələrdə andiçmədə komandirin əmrini sözsüz, dəqiq yerinə yetirmək fikri var. Buna görə də burada ən başda nəzarət funksiyasını hərbçi özü yerinə yetirməlidir”.

Sənan İsmayıl