Həmyerlimiz bizə qürur yaşatdı


Rəna Abbasovanın Nyu-Yorkda böyük vəzifə alması hamını sevindirib

ABŞ-da yaşayan azərbaycanlı xanım yüksək vəzifəyə təyin edilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Belə ki, ABŞ-da yaşayan həmyerlimiz Rəna Abbasova Nyu-Yorkun yeni meri Erik Adams tərəfindən Nyu-York şəhər meriyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub.

Məsələ ilə bağlı fikirlərini “Şərq”lə bölüşən diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib ki, ABŞ-da yaşayan azərbaycanlı Rəna Abbasovanın Nyu-Yorkun yeni merinin Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri təyin olunması sevindirici hadisədir: 

“Amerikada soydaşlarımızın belə vəzifələrə təyinatı Amerika-Azərbaycan münasibətlərinin inkişafına müsbət təsir göstərəcək. Soydaşlarımız gələcəkdə dostluq və əməkdaşlıq körpüsü rolunu oynaya bilərlər. Bu cür təyinatlar həm də soydaşlarımız arasında böyük mənəvi stimul yaradacaq. 

Rəna Abbasova Amerikada fəaliyyət göstərən Azərbaycan icmasının fəaliyyətində aktiv olub. Onunla bağlı paylaşılan şəkillər göstərir ki, Rəna Abbasova Azərbaycanla bağlı keçirilən tədbirlərdə yaxından iştirak edib. Təyinat Nyu-York administrasiyası ilə Azərbaycan icması arasında əlaqələrin inkişafına yaxşı fürsətlər aça bilər”. 

Ekspert həmçinin qeyd edib ki, son illər soydaşlarımızın yaşadıqları ölkələrdə yüksək vəzifələrə təyinatı xəbərlərini tez-tez eşidirik: 

“Bu onu göstərir ki, Azərbaycan icması, soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni mühitinə sürətlə inteqrasiya edirlər. Artıq Azərbaycan diasporunda yeni nəsil gəlir. Onlar nüfuzlu universitetlərdə təhsil alıblar və dil bilgiləri yetərincə zəngindir. Yaşadıqları cəmiyyətlərin qayda-qanunlarına dərindən bələddirlər. Onların yaşadıqları ölkələrin cəmiyyətlərdə fəallaşması Azərbaycan diasporu üçün yaxşı perspektivlər vəd edə bilər. Qarşıda Azərbaycan diasporunun Azərbaycanla əlaqələrin inkişafına uğurlu töhfələr verəcəyinə inanıram”.

Sənan