NATO-nun Şərqə doğru genişlənməsi planı çoxdan mövcuddur

Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, ABŞ ona Ukraynanı NATO üzvü etməklə cavab verə bilər

Rusiya Ukrayna və Gürcüstanın heç vaxt NATO üzvü olmayacağına dair dəmir zəmanət istəyir. Bunu ötən gün Cenevrədə Rusiya-ABŞ dialoqunda Moskvanı təmsil edən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, Ukraynanın heç vaxt NATO üzvü olmayacağına əmin olmaq Kreml üçün mütləqdir: “Biz istərdik ki, 2008-ci ildə Buxarest sammitində qəbul edilmiş formul - NATO-nun Madrid formulu geri götürülsün və aşağıdakılarla əvəz edilsin. Ukrayna və Gürcüstan heç vaxt Şimali Atlantika Alyansının üzvü olmayacaq. Biz boş söhbətlər aparmaqdan, yarı vədlərdən, tez-tez bağlı qapılar arxasında danışıqlarda baş verən yanlış şərhlərdən bezmişik. Qarşı tərəfə inanmırıq. Bizə dəmir-beton, hüquqi əhəmiyyətli təminatlar, vədlər yox, zəmanətlər lazımdır, “heç vaxt NATO üzvü olmamalıdır” sözləri lazımdır. Bu, Rusiyanın milli təhlükəsizliyi məsələsidir”. Ukrayna və Gürcüstanın bu məsələdə mövqeyi bəllidir və NATO-nun bu tələbə “yox” deyəcəyi şübhəsizdir. 

Kremlin absurd şərtini “Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, NATO-nun Şərqə doğru genişlənməsi planı çoxdan mövcuddur. Analitik vurğulayıb ki, Gürcüstanı hərbi alyansa üzv etmək istəyən Qərb ölkələri Qara dənizdə böyük əhəmiyyətə malik - Poti limanına çıxış əldə edəcəklərini düşünürlər:

 “Ukraynanın NATO-ya üzvlüyü Kremlin maraqlarının darmadağın edilməsi anlamına gəlir. Ancaq nə Brüssel, nə də Vaşinqton Ukraynaya NATO-ya qoşulma zəmanəti verir. Hazırda Ukraynanın quruma üzv olmasına əsas maneə Donbassdakı müharibə, Şərqi Ukraynanın rus işğalı altında olmasıdır. Təşkilatın nizamnaməsinə görə, ərazi, etnik və ya siyasi münaqişələri həllini tapmamış dövlətlər bloka qəbul olunmur. Brüssel başa düşür ki, ən azından hansısa formallığa əməl etmək lazımdır. Digər tərəfdən, bu hal, alyans ölkələrinə beynəlxalq hüquqa zidd olaraq Kosovanın müstəqilliyini tanımağa imkan verərdi. Eynilə Təhlükəsizlik Şurasının icazəsi olmadan İraqa girildiyi kimi. Yəni Rusiya bundan istifadə edib Qərbi Ukraynaya da soxula bilər. Keçmiş SSRİ-də silahlanmasına görə ikinci ölkə olan Ukrayna hərbi alyansa qoşulmaqla onun hərbi gücünə güc qata bilərdi. İqtisadi baxımdan Kiyev NATO-nun müdafiə xərclərinin ödənilməsində çətinlik çəkə bilər. Lakin Alyansın dəstəyi ilə maliyyə problemini rahatlıqla həll edərdi. Ukrayna müasir silahların geniş çeşidlərini əldə etməklə ərazi problemlərinin həllində ciddi dəyişiklik yaradardı. Necə ki, Türkiyədən zərbə PUA-larının alınması artıq ilkin nəticələrini göstərir”. 

A.Rəşidoğlu qeyd edib ki, Kiyev üçün hazırda əsas problem odur ki, NATO-ya üzvlük üçün qərar yekdilliklə verilməlidir:

 “Almaniya və Fransanın Ukraynanın Türkiyə istehsalı olan zərbə PUA-sından istifadəsinə qarşı çıxmaları məsələnin həllinə əngəl törədə bilər. Türkiyə bu məsələdə Amerika ilə tam həmrəydir. Əslində Ukraynanın hərbi bloka üzvlüyü Rusiyaya qarşı yönəlmiş addım kimi dəyərləndirilsə də, reallıq başqadır. Ukrayna Rusiyaya qarşı heç bir fəaliyyətdə iştirak etməyib. Əksinə, Krımın ilhaqını və  Ukraynanın şərqində separatizmi dəstəkləyən fəaliyyətləri Rusiya həyata keçirib. 21-ci əsrdə ölkələrin sərhədlərini dəyişdirmək sadə proses deyil. Rusiyanın bu tip ideyaları gec-tez bumeranq effekti yarada bilər. NATO-nu Ukrayna üçün cəlbedici edən Alyans nizamnaməsinin 5-ci bənddir. Bu bəndə görə üzv ölkələr Avropa və ya Şimali Amerikada yerləşməsindən asılı olmayaraq, onlardan birinə və ya bir neçəsinə qarşı edilmiş silahlı hücum hamısına edilmiş hücum sayılır. Belə bir hücum baş verərsə onlardan hər biri BMT-nin Nizamnaməsinin 51-ci Maddəsinə uyğun olaraq, fərdi və kollektiv şəkildə özünümüdafiə hüququndan istifadə edərək, hücuma məruz qalmış tərəf və ya tərəflərə yardım edə bilərlər. Ukraynanın həm ərazi bütövlüyünü, həm də gələcəkdə suverenliyini təmin etmək üçün Təhlükəsizlik Şurasının üzvü olan 3 nüvə ölkəsinin yer aldığı bloka tərəf istiqamətlənməsi normal qarşılanmalıdır”.

Siyasi şərhçinin fikrincə, NATO-nun Şərqi Avropa və Pribaltikadan sonra Ukraynaya və Gürcüstana yerləşmək niyyəti Kremli bir qədər cilovlamaq məqsədi daşıyır:

“Bu addımla ABŞ Rusiyanın hücum və müdafiə potensialını ciddi şəkildə təhdid edir.  Növbəti addım Şərqi Avropada olduğu kimi, Ukrayna ərazisində də qısa və orta mənzilli zərbə vasitələrinin yerləşdirilməsindən ibarət ola bilər. Raketlərin Rusiyanın qərbindəki ən böyük şəhərlərə uçuş müddəti bir neçə dəqiqə ilə hesablanacaq. Rusiya ilə növbəti geosiyasi gərginliyin baş verəcəyi təqdirdə bu sistemlər NATO-nun Kreml üzərində hərbi təzyiqini təmin edə bilər. Rusiyaya  qarşı Qərbin perventiv zərbə potensialı müəyyən mənada Moskvanı ehtiyatlı davranmağa meyilləndirəcək. Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, ABŞ ona Ukraynanı NATO üzvü etməklə cavab verə bilər”.