DİQQƏT!- Kapital Bankın adından saxtakarlıq: zəng edib, aldadırlar - Nömrələr açıqlandı

Pərviz Heydərov:“Bu kimi hallara qarşı mübarizəni qanunvericilikdə cəzaların daha sərt şəkildə müəyyən olunması və rabitə sahəsində müvafiq təhlükəsizlik elementlərinin gücləndirilməsi yolu ilə aparmaq mümkündür”

Son zamanlarda qurumların adından dələduzluq əməllərinin sayı artıb. Növbəti saxtakarlıq addımı “Kapital Bank”ın adından həyata keçirilib. Bu barədə jurnalist Niyaz Niftiyev öz Feysbuk hesabında paylaşım edib. O, dələduzluq edən bir neçə şəxsin nömrəsini paylaşaraq, insanlara bu haqda xəbərdarlıq edib. Fotonu təqdim edirik.



Məsələ ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Pərviz Heydərov belə halların qarşısını almaq üçün görə biləciyimiz tədbirlərdən danışıb:

“Hesab edirəm ki, ilk olaraq, həmin qurumların özləri müvafiq şəkildə məhkəmələrə müraciət edə bilərlər. Daha sonra isə bu kimi hallara qarşı mübarizəni qanunvericilikdə cəzaların daha sərt şəkildə müəyyən olunması və rabitə sahəsində müvafiq təhlükəsizlik elementlərinin gücləndirilməsi yolu ilə aparmaq mümkündür. Misal üçün, mən, bu və ya digər qurumun adından qeyri-qanuni olaraq müraciət ünvanlaya bilirəmsə, deməli, hansı cəza daşıya biləcəyim haqqında kifayət qədər məlumatım yoxdur. Ya da daşıya biləcəyim məsuliyyətin yüngül olacağı ilə bağlı arxayınlığım var.  Bundan əlavə, əgər mən hansısa qurumun adından müraciət edirəmsə, həmin qurum tərəfindən mənim heç bir məsuliyyət daşıya biləcəyim risk yoxdur, qanunvericilik qarşısında qorxu hissim  yoxdur”.

P.Heydərov qurumların bu sahədəki nöqsanlarından danışıb:

“Problemlərin yaranmasına səbəb olan əsas amillərdən biri odur ki, həmin qurumun bu sahədə müvafiq reklam, təbliğat, təşviqat və özünü tanıtmaq, bu və ya digər xidmətləri haqqında ictamaiyyəti məlumatlandırma sahəsində çatışmazlıqlarının olmasıdır. Yəni qurumların bu kimi problemləri olmasa, hər hansısa şəxsin onların adından çıxış etmək səlahiyyətləri, imkanları və cəsarətləri olmaz”.

Çimnaz ŞAHLAR