Heç bir qüvvə Türk birliyinin qarşısını kəsə bilməz


Qazaxıstan hadisələrindən sonra Türk Dövlətlər Təşkilatının zəifləyəcəyini düşünənlər yanılır

Türk Dövlətləri Təşkilatının Qazaxıstanla bağlı fövqəladə toplantısı qardaş ölkəyə həmrəylik, mənəvi-siyasi dəstək kimi dəyərləndirilir. Üzv ölkələrin XİN başçılarının toplantıda səsləndirdikləri fikirlər və çağırışlar da müsbət qiymətləndirilməlidir. Düzdür, bəzi populistlər xarici işlər nazirlərinin daha sərt açıqlamalar verməsini arzulayırdılar. Hətta elələri var ki, son günlər Nursultan Nazarbayevin siyasi səhnədə görünməməsini və KTMT-nin sülhməramlı qüvvələrinin Qazaxıstana yeridilməsini əsas gətirərək, Türk Dövlətləri Təşkilatının perspektivinin qalmadığını tirajlayırlar. Lakin əksəriyyət hesab edir ki, Türk Dövlətləri Təşkilatının parlaq gələcəyi və tarixi uğurları hələ qarşıdadır.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatının varlığına skeptik yanaşanlar narahat olmasınlar. Bu ittifaq yerindədir və bundan sonra daha inamlı addımlarla fəaliyyətini davam etdirəcək. Partiya sədrinin sözlərinə görə, heç kim Türk birliyinin qarşısını kəsə və ya bu prosesi dayandıra bilməz:

 “Qazaxıstanın birinci prezidenti Nazarbayevin siyasi arenadan getməsi ilə TDT-nin fəaliyyətinin zəifləyəcəyini düşünənlər yanılırlar. Əlbəttə, Mərkəzi Asiyanın türk cümhuriyətlərinin Türkiyə və Azərbaycan ilə yaxınlaşmasında, Türk Şurasının Türk Dövlətləri Birliyinə çevrilməsində, “türkdilli ölkələr” sözünün siyasi leksikondan çıxarılmasında Nazarbayevin xidmətləri danılmazdır. Ancaq ümumən götürsək, Türk Dövlətləri Təşkilatı ayrı-ayrı fərdlərin, bu və ya digər siyasi liderin üzərində qurulmuş ittifaq deyil. Bu birlik, bu ittifaq ümumtürk maraq və mənafeləri, Türk dünyasının strateji hədəfləri üzərində qurulmuş bir alyansdır. İstanbul Sammiti çərçivəsində təsdiqlənmiş “Türk Dünyası 2040 Vizyonu” sənədi də bu həqiqəti bir daha isbatlayır. Odur ki, TDT-nin və Turan birliyinin parlaq gələcəyindən kimsənin şübhəsi olmasın və kimsə də bu birliyin varlığından əsla əndişələnməsin. Çünki Türk Dövlətləri Təşkilatı alternativ siyasi-hərbi gücün formalaşmasına yox, ilk növbədə sülhə, sabitliyə və iqtisadi tərəqqiyə hədəflənib”.

Partiya rəhbəri bəyan edib ki, bundan sonra türk dövlətlərinin daha sıx inteqrasiya istiqamətində birgə səyləri artırmalarına ciddi ehtiyac var:

 “Təşkilat olaraq siyasi və iqtisadi bütövlük istiqamətində addımlar sürətləndirilməlidir. İnkişaf üçün ən başlıca şərt sabitlik və təhlükəsizlikdir. Daxildə təhlükəsizlik və kəşfiyyat qurumları arasında əməkdaşlığı daha müntəzəm və davamlı etməliyik. Qazaxıstandakı hadisələrdən düzgün nəticələr çıxarılmalıdır. Əlbəttə, orada cərəyan edən son hadisələr Qazaxıstanın Türk Dövlətləri Təşkilatındakı aktivliyini müəyyən müddətə azalda bilər. Çünki Qazaxıstan bu hadisələrin vurduğu həm iqtisadi ziyandan, həm də mənəvi-psixoloji, siyasi müstəvidə keçirdiyi sarsıntıdan sonra hələ bir müddət özünü toparlamalı, ənənəvi məcrasına qayıtmalıdır. Bunun üçün də zamana ehtiyac var. Son hadisələrdən sonra Qazaxıstanın Rusiyanın “vassalına” çevrildiyini proqnozlaşdıranlar da var. Ancaq Özbəkistan və Qırğızıstanın hazırkı mövqeyi isə onu deməyə əsas verir ki, bu respublikalar TDT-nin əhəmiyyətini və perspektivlərini yüksək qiymətləndirirlər. Nəzərə alaq ki, Türk Dövlətləri Təşkilatının əsas aparıcı qüvvəsi, flaqmanları Türkiyə və Azərbaycandır. Türk birliyinin canını, qanını, mayasını ilk növbədə məhz bu iki dövlətin birliyi təşkil edir və bundan sonra da belə olacaq. 

Azərbaycan və Türkiyənin dostluğu, qardaşlığı və müttəfiqliyi digər türk cümhuriyyətlərinə də yaxşı mənada örnək olmalıdır. Digər ölkələr də bu örnək əsasında yola çıxarsa, türk dövlətlərinin istiqbalı çox parlaq olacaq”.