Azərbaycan doğru duruş sərgiləyir

Ermənistan tərəfinin KTMT arzuları xülyadır

Fərəc Quliyev: "Rusiya sülhməramlıları ola bilsin, vaxtından tez torpaqlarımızı tərk edəcək"

   Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistanın sərhəddə törətdiyi təxribatlardan danışıb. Dövlət başçısı bildirib ki, Ermənistanda revanşist meyillər təkcə keçmiş yox, indiki hakimiyyət nümayəndələri tərəfindən də özünü büruzə verir. Ölkə rəhbəri xatırladıb ki, müharibədən sonrakı dövr ərzində hərbi təxribatlara dəfələrlə cəhd edilib: “Ona görə də heç vaxt indiki erməni hakimiyyətinin xoş sözlərinə aldanmamalıyıq. Unutmamalıyıq ki, biz hansı ölkə ilə qonşuluqda yaşayırıq”. 

   Prezident sərhəddə törədilmiş təxribatların haradan qaynaqlandığını da diqqətə çatdırıb. Vurğulayıb ki, ermənilər bizi yenə də sınağa çəkmək istəyirlər: “Ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Amma əgər görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək”. 
   Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “sülhməramlı” kontingentinin Qazaxıstana girməsi Ermənistan rəhbərliyinin “ruhlanması”na səbəb olub. “KTMT İrəvana da yardım edə bilər” düşüncəsinə qapılan ermənilər hadisələri gərginləşdirmək üçün sərhəddə təxribat törədiblər. 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev “Şərq”ə açıqlamasında deyib ki, Prezident İlham Əliyev müsahibəsində mühüm məqamlara toxundu. Partiya rəhbərinin sözlərinə görə, belə müsahibələr və ölkə rəhbəri tərəfindən verilən mesajlar çox önəmlidir:

 “Qazaxıstanda baş verən hadisələrdən anti-türkçülər, iranbaş və rusbaşlar yersiz olaraq sevinirdilər. Açıqlamalarımda deyirdim ki, dəyişən heç nə yoxdur və Türk Dövlətləri Təşkilatı güclənməkdə davam edir. Qazaxıstanda epizodik hadisə yaşandı. Təbii ki, arzuolunmaz proseslər idi, çünki soydaşlarımız həlak oldu, ölkədə qarışıqlıq yarandı. Ancaq tarixin təkərini geri döndərmək mümkün deyil. Hər zamankı kimi Qazaxıstan olaylarından da ruhlanan bəzi türk düşmənləri müəyyən tədbirlərə əl atdılar. Ölkə prezidenti açıq mətnlə öz mövqeyini ortaya qoydu. Burada iki məsələ çox mühümdür. Birincisi odur ki, mövcud şərtlərdə hansısa dəyişiklik yoxdur. İqtisadiyyatda, elə siyasətdə də meqalayihələrimiz gündəmdədir. İradəmiz ortadadır. Dövlət başçısı yeni düzənlə bağlı danışarkən bildirdi ki, Azərbaycan proseslərdə şəraiti diktə edən tərəfə çevrilib. Təbii ki, Türkiyə ilə birlikdə buna nail olmuşuq. Əgər Ermənistanın zənn etdiyi kimi mövcud şərtlərdə dəyişiklik olsaydı, ermənilərin mövqeyi güclənsəydi belə yenə də düşmənin təxribatları nəticəsiz qalacaqdı. Bütün hallarda erməniləri əzəcəkdik. Arxalarında kimin olmasından asılı olmayaraq, təxribatçı ermənilər məhv ediləcəkdi. Bizi heç kim dayanadıra bilməzdi”. 

F.Quliyev vurğulayıb ki, Ermənistan Qazaxıstandakı hadisələrdən sonra KTMT-nin keçici dönəm sədri kimi analogiya apardı və düşündü ki, günün birində hərbi blokdan Azərbaycana qarşı da istifadə etmək mümkün olar:

 “Müharibə dönəmində də erməni tərəfinin cəhdləri çox olmuşdu. Əlbəttə, bunların hamısı xülyadır. KTMT artıq Qazaxıstandan çıxmağa başlayıb. Azərbaycandakı Rusiya sülhməramlıları da vaxtında, hətta ola bilsin, vaxtından tez torpaqlarımızı tərk edəcək. Azərbaycan dövlətinin vizyonu çox doğrudur, kursumuz sabitdir. Qarşımızda duranlardan fərqli olaraq mövqeyimizdə dəyişiklik yoxdur. Şahmat termini ilə desək, “artıq qaralarla oynamırıq” və oyunu biz qururuq. Xatırlayırsızsa, dövlət başçısı sərhəd bölgəsində də bəyanat vermişdi ki, “Azərbaycan Ordusu qeyri-bərabər döyüşlərə də hazırdır”. Müttəfiqlərimiz, ələlxüsus da qardaş Türkiyə ilə Azərbaycan tandem haqlı və güclüdür. İndi haqlı olmaq üçün güclü olmaq şərtdir. Biz həm haqlı, həm də güclüyük. Qarşımızda nə Ermənistan, nə də onların güvəndiyi havadarları dayana bilməz”.