Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüşü: Razılığa gəliblər

Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, rəsmi Ankara və rəsmi İrəvan ilkin şərt olmadan münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqları davam etdirmək barədə razılığa gəliblər.
"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, Türkiyə və Ermənistanın  xüsusi nümayəndələri Serdar Kılıç və Rubin Rubinyan arasında Rusiyanın paytaxtı Moskvada  ilk görüşü baş tutub. Daha sonra yazılı açıqlama verən Xarici İşlər Nazirliyi xüsusi qeyd edib ki, tərəflərin müsbət və konstruktiv atmosferdə keçən ilk görüşü zamanı Türkiyə və Ermənistan arasında dialoq yolu ilə həyata keçiriləcək normallaşma prosesi ilə bağlı ilkin fikir mübadiləsi aparılıb:

 "Tərəflər ilkin şərtlər olmadan tam normallaşma məqsədi ilə danışıqları davam etdirmək barədə razılığa gəliblər. Xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi haqqında daha sonra sonra məlumat veriləcək ".
Diplomatik mənbələr Moskvada ikitərəfli görüşün bir saat yarım davam etdiyini bildirib.

Qeyd edək ki, Xarici işlər naziri Mövlud Çavuşoğlu 13 dekabr 2021-ci ildə Türkiyə Böyük Millət Məclisindəki çıxışında rəsmi Ankara və rəsmi İrəvan arasında münasibətlərin yeni dövrünün  başladığına dair siqnallar verdi.

Serdar Kılıç dekabrın 15-də Türkiyə Respublikasının Ermənistan Respublikasına xüsusi nümayəndəsi təyin edilib.
Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması çərçivəsində parlament sədrinin müavini Ruben Rubinyanı da xüsusi nümayəndə təyin edib.

Cəmilə ƏZİM