Nə mutlu bizə... - İki qardaş ölkə 30 ildə də can deyib, can eşitdi



Türkiyə və Azərbaycan tarixi sınaqlardan şərəflə çıxmağı bacardı

Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunub ki, 1992-ci il yanvarın 14-də qardaş Türkiyə ilə diplomatik əlaqələrin yaradılması Azərbaycanın tarixində əlamətdar hadisə olub. XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsi kimi xalqımızın milli yaddaşına əbədi olaraq həkk olunub. Dövlət başçısı məktubunda, həmçinin bildirib ki, ötən dövr ərzində Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçib:

“Ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca çıxaraq “Bir millət, iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq edib, onu yaşadıb. Xalqlarımızın əsrlərdən-əsrlərə keçən birliyi, qardaşlığı və dostluğu kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün özünün ən yüksək səviyyəsindədir. Qardaş ölkələrimizin istər siyasi, iqtisadi, ticari, mədəni, enerji, hərbi, texnoloji və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı, istərsə də beynəlxalq təsisatlar çərçivəsində uğurlu iş birliyi bizi sevindirir. Gerçəkləşdirdiyimiz nəhəng enerji, nəqliyyat, infrastruktur layihələri ortaq təşəbbüslərimizin və birgə səylərimizin real təntənəsidir. İkitərəfli əməkdaşlıq zəminində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əmin-amanlığın və sabitliyin bərqərar olmasına töhfə verir”. Keçən ilin iyununda Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasını sarsılmaz birliyimizi bir daha təsdiq edən mühüm tarixi addım kimi qiymətləndirən Prezident İlham Əliyev qeyd edib ki, bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının konseptual istiqamətlərini müəyyən edir: 

“Bu sənəd gələcək müştərək müvəffəqiyyətlərimizə yol açan yeni mərhələnin əsasını qoyub. Dünyada bərabəri olmayan, dostluq və qardaşlığın ən gözəl nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin, müttəfiqliyinin inkişafı və möhkəmlənməsində Sizin xidmətləriniz əvəzsizdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək bizi daim ruhlandırır və əlavə güc verirdi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Sizin, Türkiyə Respublikasının, qardaş xalqımızın nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq. Bu gün də işğaldan azad edilmiş torpaqların əsaslı yenidənqurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Biz də öz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik. Əminəm ki, bu günün reallığı və xalqlarımızın qürur mənbəyi olan nümunəvi Azərbaycan-Türkiyə birliyi və qardaşlığı gələcək nəsillərə strateji yol xəritəsi, əbədi və sarsılmaz miras olaraq qalacaq”. 

Millət vəkili Sahib Alıyev deyib ki, 30 ilin təcrübəsi göstərdi ki, Türkiyə-Azərbaycan kimi bir-birinə yaxın iki dövlət, xalq yoxdur. Deputat qeyd edib ki, dövlət başçımızın Türkiyə Prezidenti cənab Ərdoğana göndərdiyi təbrik məktubunda da vurğulandığı kimi ilk növbədə məhz bu səbəbdən "ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca" çıxmağı bacarıb:

 “Türkiyə və Azərbaycanın bir-biriləri üçün nə demək olduğunu anlamayanlar varsa, əminəm ki,  müttəfiqliyimizin rəsmiləşdirildiyi və sənədləşdirildiyi Şuşa Bəyannaməsindən sonra onlar da reallığı tam dərk etdilər. Dərk etmək heç də həmişə həzm etmək demək deyil. Amma həzm etməyənlər kökü qədimlərə dayanan bir reallığı sinirəcəklər. Çünki 100 il öncəki olaylar da, 44 günlük savaş zamanı yaşananlar da göstərdi ki, Azərbaycan və Türkiyə çiyin-çiyinə olduqca, heç bir güc qarşımızda tab gətirə bilməz. Cənab İlham Əliyevin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı təbrik məktubunda da qeyd edildiyi kimi Şuşa Bəyannaməsi təkcə bizim sarsılmaz birliyimizi təsdiqləmir, həm də gələcəkdəki birgə uğurlarımızın özülünü təşkil edir. Bir sözlə, nə mutlu “bir millət, iki dövlət” prinsipiylə yaşayanlara!”.