ASALA Türkiyə və Azərbaycanı hədəfə aldı

Terror hücumlarının Qarabağda da edilməsi istisna deyil

   Ermənilər ASALA terror təşkilatının yaranmasının 47 illiyi ilə bağlı bəyanat yayıblar. Terrorçuların bəyanatını erməni saytları tirajlayıb. Bəyanatın məğzi budur ki, ermənilər hazırda tarixlərinin ən “qaranlıq və mürəkkəb” dövrünü yaşayır. 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində ermənilərin itkilərinə diqqət çəkən terrorçu təşkilatın bəyanatında bunlar yer alıb: “Ermənilərin gələcəyə inamı azalıb. Qarabağın tamamilə “itirilmə” təhlükəsi ilə yanaşı Türkiyə ilə başlanan şübhəli dialoq nəticə verməyəcək. ASALA Qərbi Ermənistanın “azadlığı” və Ermənistanın bütövlüyü uğrunda mübarizəsini davam etdirəcək. Milli maraqlarımız və tarixi missiyamız Türkiyənin dağılmasına, o cümlədən erməni torpaqlarının azad olunmasına xidmət etməlidir”. 

Türkiyəni və Azərbaycanı hədəf göstərən təşkilat bəyanatında terroru davam etdirəcəyinin anonsunu verib. Ekspertlərin fikrincə, ASALA-nın bəyanatı həm hədəfdə olan Azərbaycan və Türkiyə, həm də beynəlxalq ictimaiyyət tərəfindən ciddiyə alınmalıdır. Çünki terroru mübarizə vasitəsi olaraq seçən ermənilərin tarixi bunu təsdiqləyir. Hələ XIX əsrin sonlarından təşkilatlanmağa başlayan ermənilər terroru mübarizə vasitəsi olaraq seçdiklərini açıq şəkildə elan edirdilər. Erməni terrorunun praktiki olaraq geniş şəkildə həyata keçirilməsinə XX əsrin əvvəlində start verilib. Xarici ölkələrdə türk diplomatlarının qətlində iştirak edən terror təşkilatı 1985-ci ildən sonra “ləğv edildiyini” elan edərək “yeraltına” çəkilmişdi. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında deyib ki, ASALA uzunmüddətli fasilədən sonra fəaliyyətini bərpa etdiyini rəsmi şəkildə elan edib. Analitikə görə, keçmişdə törədilən terror aktları, ermənilərin çətinə düşən kimi mübarizənin əsas vasitəsi olaraq terrora əl atmaq tarixi də bu bəyanatın ciddiyə alınmasını zəruri edir: 

“ASALA keçmişdə olduğu kimi yenə müxtəlif ölkələrdə türk səfirliklərini hədəfə ala bilər. Bu, Ankara-İrəvan xəttində normallaşma prosesinə zərbə vurmaq məqsədi daşıyır və bəyanatda da bu prosesə qarşı olduqlarını açıq mətnlə vurğulayırlar. Eyni hücumların Azərbaycan səfirliklərinə edilməsi də mümkündür. Tovuz döyüşlərində xaricdə diplomatik nümayəndəliklərimizə və soydaşlarımıza hücum edən ermənilər arasında “ASALA köynəkləri” geyinənlərin olması da bu ehtimalı gücləndirir. Terror hücumlarının Qarabağda da edilməsi istisna deyil. Şuşada ordumuzun postuna qumbara atılması, terror aktını törədən Norayr Mirzoyana maliyyə yardımlarının edilməsi hələ o vaxtdan bu məsələni aktuallaşdırmışdı. ASALA erməniləri terror fəaliyyətinə cəlb edə bilər. Bu, bölgədə Bakının idarəçiliyinin bərpa edilməsinə qarşı olan, bunun üçün azərbaycanlılarla ermənilərin birgəyaşayışının mümkün olmadığını isbat etmək istəyən tərəflərin də marağındadır”.