Azərbaycan-Türkiyə birliyi qədər dünyada iki ölkə tapmaq mümkün deyil - Ekspert

"İlham Əliyev və Ərdoğanın eyni zamanda dövlətlərimizə rəhbərlik etmələri Azərbaycan-Türkiyə xalqının ən böyük qazancıdır”

“Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri yoxdur və heç zaman da olmayacaq”. 

“Sherg.az” xəbər verir ki, bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli deyib. 



Ekspert bildirib ki, bu, sadəcə ortaq dil, tarix və mədəniyyət amilindən qaynaqlanan münasibətlər deyil: 

“Uzaq və yaxın tarix, hətta bu günümüz belə ortaq dilin, mədəniyyətin, qohumluğun gerçək dostluq və qardaşlıq üçün yetərli olmadığını təsdiqləyir. Azərbaycan-Türkiyə münasibətlərinin bağları sadəcə daşıdığımız ortaq dəyərlər deyil, bəlkə də daha çox qarşılıqlı sədaqət və etimad, eləcə də bu yüksək mənəvi keyfiyyətlərin özünü hər iki ölkənin liderinin xarakterində, əməllərində büruzə verməsidir. Dünyada eyni dildə danışan, eyni mədəniyyətin daşıyıcısı olan kifayət qədər xalqların yaşadığı dövlətlər var ki, onların qarşılıqlı münasibətləri ilə Azərbaycan-Türkiyə qardaşlığını müqayisə etmək mümkün deyil. Məsələn, eyni soy-kökə sahib olan slavyan xalqlarının yaratdığı və beynəlxalq birliyin müstəqil subyekti olan 13 dövlət var. Amma bu dövlətlərin bir neçəsinin arasında ciddi fikir ayrılıqlarının, hətta müharibə və münaqişələrin olduğu hər kəsə bəllidir. Yaxud dünyada ispan dilində danışan 22-dən çox ölkə var. Bu ölkələr arasında Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətinə qismən də olsa uyğun gələ biləcək iki ölkə tapmaq mümkün deyil. Həlledici olan isə tarixi bağları qarşılıqlı faydalı əməkdaşlıqla gücləndirməyi, milli iradəyə söykənən siyasət yürütməyi, xalqların və dövlətlərin birgə strateji hədəflərini müəyyənləşdirməyi bacaran qətiyyətli, uzaqgörən liderlərin olmasıdır. İsmayıl Bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarı Heydər Əliyevin “Bir millət, iki dövlət” ideoloji təməli üzərindən inkişaf etdirilib. Liderlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində özünün real məcrasına qədəm qoyub və türk xalqlarının min illik arzularının gerçəkləşməsinə zəmin yaradıb”. 

E.Mirzəbəyliyə görə, bir millətin vahid dəyərlərə söykənərək toparlanmaq, milli iradəsini ifadə etmək bacarığı nə qədər mühümdürsə, bu milli iradəni ifadə edə biləcək qətiyyətli liderlərinin olması bir o qədər əhəmiyyətlidir: 

“Bu xüsusda, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın eyni və həm də həlledici tarixi əhəmiyyətə malik zaman çərçivəsində dövlətlərimizə rəhbərlik etmələri, milli maraqları hər şeydən üstün tutmaları və qətiyyətlə qorumaq iradəsinə sahib olmaları Azərbaycan-Türkiyə xalqının ən böyük qazancıdır”.