20 Yanvar dairəsində xaos yaşanır - EKSPERT

Dövlət proqramı var, amma piyadalar hələ də təhlükədədir 

“Son 20 ildə “20 Yanvar” dairəsində dəfələrlə tikinti-quraşdırma və yenidənqurma işləri aparılıb. Ən son, genişmiqyaslı yenidənqurma 19 may 2020-ci ildə yekunlaşdırılıb. Buna baxmayaraq, bütün bu müddətdə piyadalar sistemli şəkildə unudulub. Səkilər kəsilərək yola qatılıb, mövcud səkilər zəbt olunub, svetoforlar olsa da, eyni səviyyəli piyada keçidləri təşkil edilməyib”.

Bu sözləri “Sherg.az”a açıqlamasında nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “20 yanvar” dairəsində təhlükəli hərəkət mühitinin formalaşması haqqında danışarkən deyib. Mütəxəssis qeyd edib ki, nəticədə dairə ətrafında xaotik vəziyyət hələ də hökm sürür: 

- Bu problemlərlə bağlı müxtəlif vaxtlarda, o cümlədən 2026-cı ilin əvvəlində səkilərin abadlaşdırılması ilə bağlı rəsmi müraciətlər etmişəm. Cavabın mahiyyəti isə belədir: “məhəllədaxili yollar və səkilərdə təmir işləri illik siyahılar, ayrılan maliyyə vəsaiti və növbəlilik prinsipi əsasında icra olunur. ASAN müraciət sistemi üzərindən daxil olan ünvanlar siyahıya salınarsa, imkan daxilində mərhələli şəkildə baxıla bilər”. Halbuki məsələ artıq tövsiyə yox, dövlət proqramı üzrə birbaşa öhdəlikdir. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 8.1.6.7-ci bəndinə əsasən Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi, küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətinin araşdırılması, normativlərə uyğun səkilərin (panduslarla birlikdə) inşası, mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması birbaşa Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilir. Yəni məsələ nə vəsait çatışmazlığı, nə də növbə bəhanəsidir. Söhbət icra edilməli olan konkret dövlət tapşırığından gedir. Şəhər nəqliyyatı yalnız avtomobil axını deyil. Piyada da hərəkət iştirakçısıdır. Və piyadaların təhlükəsiz hərəkətini təmin etmək vəzifəsi tapşırılmış qurum vəzidəsini icra etməlidir.