Erməni deputatların Türkiyə səfəri pozitiv addımdır

Ancaq Ankara-İrəvan əlaqələrinin normallaşması Azərbaycan-Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasından asılıdır

     Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasından olan deputatları Hasmik Akopyan və Tsovinar Vardanyan Türkiyənin İstanbul şəhərində səfərdədir. Bu barədə qanunverici orqan məlumat yayıb. Bildirilib ki, onlar Parlamentlərarası İttifaqın miqrasiya məsələlərinə həsr olunan forumunda iştirak edirlər. Səfər iyunun 22-də başa çatacaq.
   
  Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, Türkiyə-Ermənistan əlaqələri yeni müstəviyə keçib.

Analitikin sözlərinə görə, ötən müddət ərzində tərəflər normallaşma ilə bağlı bir sıra addımlar atıblar. Eyni zamanda xüsusi nümayəndələr arasında təmaslar reallaşıb:

 “Lakin hesab edirəm ki, Ankara-İrəvan əlaqələrinin normallaşması Azərbaycan-Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasından asılıdır. Əgər müqavilə bağlanmasa, Türkiyə və Ermənistan arasında etibarlı münasibətlərin formalaşması qeyri-mümkündür. İstənilən halda İrəvan və Ankara arasında təmasların olması, qarşılıqlı səfərlərin baş tutması pozitiv addımdır. Ən azından iki dövlət və xalq arasında etimad mühitinin yaranması üçün faydalıdır. Türkiyə birtərəfli olaraq sülhpərvər siyasətini ortaya qoyur. Amma bu, yetərli deyil. Ermənistan ortaya siyasi iradə qoymalıdır. İlk növbədə Türkiyəyə, türklərə baxış dəyişməlidir. Ermənistan qondarma “soyqırım” iddiasından, Türkiyəyə qarşı ərazi iddialarından və ittihamlarından əl çəkməlidir. Səmimi əməkdaşlıqda maraqlı olduğunu göstərməlidir. Əks halda bu kimi səfərlərin əhəmiyyəti olmayacaq”.