Avropada tolerantlığa hörmət itib

Qərb ölkələri islamafobiyadan, dini dözümsüzlükdən əziyyət çəkir

     Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyasında çıxışı zamanı bir məsələni qaldırıb. Seyidov deyib ki, Avropada tolerantlıq dəyərdən düşüb. İyirmi ildir AŞ PA-nın üzvü olduğunu deyən azərbaycanlı deputat Strasburq şəhərinin mərkəzində yerləşən sinaqoqun qapılarını hər zaman bağlı gördüyünü söyləyib: “Mənim şəhərim olan Bakıda, Azərbaycanın paytaxtında da sinaqoq var və bütün həyatım boyu onun qapılarını heç vaxt bağlı görməmişəm. Ancaq təəssüflər olsun ki, Avropada tolerantlığa hörmət itib. Biz AŞ PA-nın üzvləri kimi bu dəyərin aktuallaşması üçün əlimizdən gələni etməliyik. Bir az yəhudi, bir az müsəlman olmağa çalışmalıyıq. Etnik mənşəyinə görə ayrı-seçkilikdən əziyyət çəkənləri bu zaman gözəl anlayacağıq”.

     Səməd Seyidovun diqqət çəkdiyi məqamla bağlı “Şərq”ə danışan millət vəkili Ceyhun Məmmədov bildirib ki, Avropa ölkələri islamafobiyadan, dini dözümsüzlükdən əziyyət çəkir. Deputatın sözlərinə görə, xüsusən, əksər Avropa ölkəsində islamafobiya özünü açıq şəkildə büruzə verir: 

“Burada Avropanın bir sıra siyasi partiyalarının dinə qarşı ifadələr işlətmələri, islama dözümsüz yanaşmaları son nəticədə islamafobiyanı gündəmə çıxarır. Təəssüf ki, Avropanın ən demokratik ölkələrində digər dinlərə qarşı diqqətsizlik və hörmətsizlik mövcuddur. Yaxşı xatırlayırıq ki, Fransada bir müddət əvvəl Məhəmməd Peyğəmbərin karikaturası çəkildi. Fransa dövləti bunu insan hüquq və azadlıqları ilə əlaqələndərdi. Halbuki, bu, yolverilməz idi. Eyni zamanda, İsveçdə, Finlandiyada və başqa ölkələrdə də “Quran”ın yandırılmasının, təhqir edilməsinin şahidi olmuşuq. Əfsuslar olsun ki, buna heç bir münasibət bildirilməyib. Avropanın bəzi siyasətçilərinin də islama qarşı bəyanatlarının şahidi olmuşuq. Hesab edirəm ki, bu mənzərənin də ortaya çıxmasının səbəbi Avropanın bəzi dövlətlərinin yanlış siyasət yürütmələridir”.