Gələcəyin yol xəritəsi hazırdır

Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlıq bəyannaməsi qlobal xarakter daşıyır

"Hərbi sahədə əməkdaşlıq haqqında sazişlər müasir dünyada və regionda baş verən hadisələr baxımından çox vacibdir"

     Mərkəzi Asiya ölkələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini daima müdafiə edib. Özbəkistan bu baxımdan digər dövlətlərdən xüsusilə fərqlənir. Çünki özbəklər də bolşeviklərin dəstək verdiyi ermənilərin vəhşiliklərindən əziyyət çəkiblər. Rəsmi Daşkənd SSRİ dağılandan 5 il sonra Ermənistanı tanısa da, indiyədək İrəvanda rəsmi səfirliyi fəaliyyət göstərmir. Bu, Daşkəndin İrəvana qarşı mövqeyinin dəyişmədiyinin göstəricisi sayılır. 

Odur ki, Azərbaycanla Özbəkistan bir çox məsələlərdə ortaq olduqları kimi, Ermənistan və erməniliyə münasibətdə də ortaq yanaşmaya malikdirlər. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 22-də Özbəkistana səfəri başa çatdı. Xatırladaq ki, Azərbaycan lideri sonuncu dəfə 2010-cu il sentyabrın 27-28-də bu ölkədə rəsmi səfərdə olub. Builki səfər isə əvvəlkilərdən fərqlənir. Prezident İlham Əliyev Cənubi Qafqazın aparıcı dövlət olduğunu bütün dünyaya sübut etmiş ölkənin lideri kimi Özbəkistana gedib. Dövlət başçısının 12 ildən sonra Özbəkistana səfər etməsinin böyük əhəmiyyəti var. Bu, ötən illər ərzində qardaş dövlətin Azərbaycanın haqq işini, ədalətli mövqeyini müdafiə etməsinə verilən dəyərdir. Prezident İlham Əliyev nümayəndə heyətləri arasında keçirilən görüşdə bu məsələyə toxunaraq ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəklədiyinə görə ayrıca təşəkkürünü bildirib: 

“Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi və mən Azərbaycan Prezidenti kimi qardaşım Şavkat Miromonoviçin qardaşlıq dəstəyini həmişə hiss edirdim. Bu bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir”. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də bu vacib məsələni vurğulayıb: “Bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb. Biz mümkün olan hər yerdə bu barədə danışmışıq, həmişə bunu qətiyyətlə və sərt şəkildə dəstəkləmişik. Bu Qələbə münasibətilə qardaş Azərbaycan xalqını özbək xalqı adından və şəxsən öz adımdan bir daha səmimi-qəlbdən təbrik edirəm”.

     Politoloq Sədrəddin Soltan deyib ki, Özbəkistan prezidentinin qələbə münasibətilə təbriki Azərbaycanda dost, qardaş sözü kimi qəbul edilir. Çünki Azərbaycan ərazi bütövlüyünün bərpası işində, ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Analitikə görə, bu məqam Azərbaycan xalqı üçün çox qiymətlidir və ikitərəfli münasibətlərin tarixində unudulmaz hadisədir: 

“Azərbaycan və Özbəkistan arasında 20-yə yaxın sənədin imzalanması iki ölkənin strateji müttəfiqliyinin göstəricilərindəndir. Səfər zamanı imzalanmış sənədlər ölkələr arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir. Xüsusilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” imzalanması bunu bir daha təsdiqləyir. Cənubi Qafqazda yaranan yeni şərait və dünyann karbohidrogen daşıyıcılarına tələbatın ödənilməsində Azərbaycanın tutduğu mövqe, Rusiya-Ukrayna müharibəsi və başqa amillər iki ölkənin qarşılıqlı münasibətləri və əlaqələrinin də yeni mərhələdə inkişafını aktuallaşdırır. Bu baxımdan, Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında bəyannamə qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətin yol xəritəsidir. Həmin sənəddə xarici siyasətin prioritetləri əksini tapıb. Dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub. Eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. İki ölkə arasında imzalanan müqavilələr əmtəə dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi, habelə ölkələr və xalqlar arasında daha artıq əməkdaşlıq üçün gözəl imkanlar yaradacaq”.

     Ekspert qeyd edib ki, hərbi sahədə əməkdaşlıq haqqında sazişlər müasir dünyada və regionda baş verən hadisələr baxımından çox vacibdir: “Bu, tərəflərə hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əlavə addımlar atmağa imkan verəcək. Kənar təhdidlərin olduğu bir dövrdə bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət mühüm əhəmiyyət kəsb edir. Özbəkistan işğal dövründə Azərbaycanın ərazi bütövlüyünü fəal şəkildə müdafiə etdiyi kimi, Qarabağın bərpasında da əməli işi ilə seçilir. Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevə Füzuli şəhərində hədiyyə kimi məktəb tikmək qərarı, qardaş köməyinə görə də ayrıca təşəkkürünü bildirib. Müqavilə və saşizlərin imzalanması görüləcək işlər üçün vacib sayılsa da, ona əməl etmək də mühüm hesab olunur. Bu baxımdan, prezidentlərin tapşırıqların yerinə yetirilməsini nəzarətdə saxlayacaqları barədə açıqlamaları əlaqələrin intensivləşdirilməsinə ciddi əsas yaradır”.

     S.Soltan bəyan edib ki, Prezidentin səfəri, imzalanan sənədlər, dövlət başçılarının çıxış və bəyanatları Azərbaycan-Özbəkistan əlaqələrinin, münasibətlərinin dərinləşməsi, inkişafı, perspektivi baxımından əhəmiyyətlidir: 

“Əvvəllər tərəflər bir-birini müxtəlif məsələlərdə dəstəkləyib, müdafiə edirdilər. Bundan sonra tərəflər beynəlxalq normalar çərçivəsinə uyğun olaraq daha əhatəli əməkdaşlıq edəcək. Səfər Azərbaycanın Mərkəzi Asiyada nüfuzunun artmasına, habelə etibarlı tərəfkeş olduğunu bir daha təsdiqləməyə əlavə imkanlar qazandıracaq. İki ölkə arasında perspektivdə təbii qaz, energetika sahəsində əməkdaşlığın genişlənəcəyi istisna olunmur. Zəngin mədəni, tarixi və dövlətçilik ənənəsi olan Özbəkistanla Azərbaycanın strateji müttəfiqliyi regionda da əməkdaşlığa, təhlükəsizliyin təmin olunmasına və inkişafa təkan verəcək”.