Özbəkistan Azərbaycan Prezidentini qalib sərkərdə kimi qəbul etdi 

Yalnız qardaş xalq öz qardaşının tarixi zəfərinə belə sevinə bilər


     “Azərbaycan Prezidenti İlham Əliyevin dost və qardaş Özbəkistana səfəri iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verdi”. Bu sözləri “Şərq”ə millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, səfər zamanı 20-yə yaxın mühüm sənəd imzalanıb. Bunların hər biri ayrılıqda olduqca əhəmiyyətlidir: “Məzmun etibarilə bu sənədlər iki ölkə arasında münasibətlərin böyük bir spektrini kompleks şəkildə əhatə edir. Buraya iqtisadi, mədəni sahədən başlamış hərbi-texniki əməkdaşlığa qədər geniş blok daxildir. 

Nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidenti postpandemiya dövrünün ilk rəsmi səfərlərindən birini məhz Özbəkistana etdi. Çünki hazırkı mürəkkəb geostrateji şərtlər milli dövlətlər üçün proqnozlaşdırılması mümkün olmayan təhdidlər yaradır. Belə təhdidləri yalnız etibarlı müttəfiq və tərəfdaşlarla birlikdə dəf etmək mümkündür. Bu təhdidlər sadəcə hərbi-siyasi məzmunlu deyil. Həm də iqtisadi, tibbi-sağlamlıq, informativ və s. olmaqla çoxşaxəlidir. Bütün bunlar milli maraqların qorunması üçün fəal əməkdaşlığı zəruri edir. Özbəkistanda başda Prezident Şavkat Mirziyoyev olmaqla siyasi elita, bütövlükdə özbək xalqı Azşrbaycan Prezidenti İlham Əliyevi böyük təntənə və ehtişamla qarşıladı. Özbəkistan Azərbaycan Prezidentini qalib sərkərdə kimi qəbul etdi. Yalnız qardaş xalq öz qardaşının tarixi zəfərinə belə sevinə bilər”.
H.Babaoğlu vurğulayıb ki, mənəvi-humanitar məsələlərlə yanaşı iki ölkənin qarşılıqlı iqtisadi, hərbi-texniki və siyasi əməkdaşlığı da böyük potensiala və perspektivə malikdir: “Bu potensialın realizə olunması regionun iqtisadi və kommunukariv mənzərəsini tamamilə dəyişə bilər. Bunun üçün Azərbaycanın yaratdığı logistika və kommunikasiya layihələri Özbəkistan üçün Qərbə çıxış qapısı rolunu oynaya bilər. Özbəkistan işğaldan azad edilmiş Füzuli rayonunda məktəb inşa etməyi planlaşdırır. Bu bir qardaş töhfəsidir və məhz məktəbin tikilməsi ayrıca məzmun daşıyır. Çünki Özbəkistan nəvailərin, uluqbəylərin vətənidir. Bu səfər və imzalanan sənədlər ən qısa zamanda iki qardaş və dost ölkə arasında strateji müttəfiqlik şərtləri yaradacaq qədər əhəmiyyətlidir”.