İran Azərbaycanın güclənməsindən əndişələnir

Türkiyə, Pakistan, İsrail və bütün türk dövlətlərinin yanımızda olması molla rejimin yuxusunu ərşə çəkib

  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycanda din-dövlət münasibətlərindən və son günlər yaşanan olaylardan danışıb. Sədr müavini bildirib ki, islam dininin siyasiləşdirilməsi yolverilməzdir. Onun sözlərinə görə, bəzən Azərbaycanı dini azadlığın pozulduğu ölkələrlə eyni sırada göstərməyə cəhd edirlər: “Azərbaycanda din sahəsində mövcud birlik və həmrəylik yüksək dəyərləndirilir. Təəssüf ki, özünü dünyaya beynəlxalq təşkilat kimi təqdim edən din və vicdan azadlığından danışan qurumlar bəzən Azərbaycan reallıqlarını qərəzli, qeyri-obyektiv formada göstərməyə çalışırlar. 

Hətta bəzən Azərbaycanı din azadlığı pozulan ölkələrlə eyni sırada göstərməyə cəhd göstərirlər”. S.Heydərov qeyd edib ki, dini mövqedən yönələn təhdidləri nəzərə alsaq, belə hallar bir an belə Azərbaycana qarşı səngimir: “Reallıq odur ki, Azərbaycan bəşəri dəyərləri zənginləşdirməyə çalışdığı halda küçədə edilən xırda söhbətləri şişirdib beynəlxalq müstəviyə çıxarmağa çalışanlar yanılırlar. 

Bunun da heç bir xoş nəticəsi olmayacaq. Əksinə, bununla onlar öz işlərinə kölgə salırlar”. 

  Səyavuş Heydərov vurğulayıb ki, Azərbaycanda dini icmaların rahat şəkildə fəaliyyət göstərməsi üçün bütün lazımi şərait yaradılıb: 

“Erməni vandalizmini, xüsusilə də işğaldan azad olunmuş ərazilərdəki erməni vəhşiliyini göz ardına vuraraq bu məsələyə kifayət qədər önəm verməkdən boyun qaçırırlar. Hesabatlarda bu faktlara ötəri yanaşılır, yaxud diqqət edilmir, əks olunmur. Eyni zamanda, bir sıra beynəlxalq təşkilatlar xristian və islam dinlərini siyasiləşdirməyə çalışırlar. Təbii ki, islam dininin siyasiləşdirilməsi yolverilməzdir. Din siyasiləşəndə təhlükəli hala çevrilir”. Sədr müavini Azərbaycandakı dini icmalara çağırış edib: “Ölkə həqiqətlərini, erməni vandalizmini dünya ictimaiyyətinə çatdırmağa var qüvvələri ilə çalışsınlar, fəal olsunlar. Hədəfimiz dini icmalarla ölkədə mövcud olan dəyərləri daha da qorumaq, inkişaf etdirmək, eləcə də bəşəri dəyərlər üçün olduqca mühüm olan dəyərləri qorumaqdır”. 
  Xatırladaq ki, son günlər İran tərəfdən ölkəmizə qarşı növbəti hədyanlar səslənməkdədir. Ölkədə baş vermiş bəzi olayları əlində bayraq edən İran mollaları Azərbaycanda guya din azadlığının olmadığını, dindarların təzyiqlərə məruz qaldığını iddia edirlər. 

  Siyasi şərhçi Turan Rzayev “Şərq”ə bildirib ki, İranın Azərbaycana qarşı ənənəvi siyasətinin daha da aqressivləşməsinin əsas səbəbi qələbədən sonra Azəbaycanın bölgədə güclənərək nüfuz sahibinə çevrilməsi, Türkiyə və Pakistanın Azərbaycanın yanında olması, İsrailin dost münasibətləridir. Təbii ki, bütün bunlar İranı qıcıqlandırmaya bilməz. Cənubi Qafqazda söz sahibi olmadığını görən molla rejimi Azərbaycanı özü üçün potensial təhlükə hesab edir:

 “Məhz buna görə də maraqlarımızın əleyhinə getməklə mövcud situasiyanı öz xeyrinə dəyişmək istəyir. “Allahın təhqir edilməsi” məsələsi Tehranın əlini gücləndirmək üçün formalaşdırdığı uydurma informasiyadır. İran son günlər Azərbaycana qarşı, xüsusilə dini inanclı qadınların iştirakı ilə aksiyalar təşkil etməyə çalışır. Aydın məsələdir ki, İran Azərbaycanı daim qorxu altında saxlamağı, onun maraqlarına uyğun siyasət aparmağımızı istəyir. Bunun bütün resurslarından istifadə etməyə hazırdır. İnsanların imanı ilə manipulya edən, bu istiqamətdə qadınları belə önə atan molla rejimi bir daha göstərir ki, onun “ali” maraqları naminə edə bilməyəcəyi şey yoxdur. İranın məzhəb siyasətinə qarşı rəsmi Bakının Cənubi Azərbaycan məsələsini qaldırmalı olduğunu təklif edənlər var. Hesab edirəm, bu, doğru yanaşma deyil. Birincisi, Azərbaycan heç bir ölkənin ərazisinə iddia etmir və bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır. 

İkincisi, Azərbaycan təkcə 10 milyon azərbaycanlının deyil, həm də 40 milyondan çox cənublu soydaşlarımızın vətənidir. Rəsmi Bakı heç vaxt Tehranın təxribatçı siyasətinə cavab olaraq cənublu soydaşlarının qanının axmasına yol verə bilməz”.