“...Durğun elmi mənzərədən xilas ola biləcəyik”

Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmana əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib. Nazirliyin yanında isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) büdcədən maliyyələşdirilən elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

AMEA-nın durğun fəaliyyəti ilə bağlı uzun müddətdir , səslənən şikayətlərin fonunda aparılan bu islahat bir çoxları tərəfindən pozitiv hadisə kimi qarşılanıb.  Bu baxımdan Elm və Təhsil Nazirliyinə və onun həyata keçirəcəyi işlərə ümid böyükdür.  

Tanınmış jurnalist, media eksperti, professor Qulu Məhərrəmli yaradılan yeni nazirliyi və AMEA-nın bir qurum kimi ləğvini “Sherg.az”a dəyərləndirib. Professor bildirib ki, Elm və Təhsil Nazirliyinin yaranması çox müsbət hadisədir:

“Burada söhbət iki mürəkkəb sahənin eyni konteksdə inkişaf etdirilməsindən gedir. Bizdə təhsilin və elmin ayrılıqda problemləri var. Amma dinamik təhsil sistemindən fərqli olaraq, elm sahəsində, xüsusilə müstəqillik illərində ciddi durğunluq müşahidə olunur. Müxtəlif səviyyələrdə tənqid olunmasına baxmayaraq, bu sahədə ciddi irəliləyiş yoxdur.  

Düşünürəm ki, nazirliyin yaradılmasında əsas məqsədlərdən biri Azərbaycanda elm sahəsini inkişaf etdirmək, onun praktiki nəticələrini istehsalata tətbiq etmək, universitet elmi ilə akademik elmi bir arada görmək və onun problemlərinə kompleks yanaşmaqdır.
AMEA-nın sistemində təxminən 12 mindən çox insan çalışır.  

Tərkibində müxtəlif elmi-tədqiqat institutları var. Əlbəttə, bunların hər birinə eyni gözlə baxmaq olmaz. Onların arasında sözün həqiqi mənasında elmlə məşğul olan, problemlərə ciddi şəkildə yanaşan qurumlar var. Lakin ümumiyyətlə nə etdiyi bilinməyən elmi tədqiqat institutları da mövcuddur”.

Q.Məhərrəmli hesab edir ki, dinamik prosesin başlayacağını gözləmək lazımdır:

“Elmə yanaşma dəyişməli, yeni sistem qurulmalıdır. Yalnız forma dəyişikliyi olsa, əlbəttə, əvvəlki vəziyyət qalmağa davam edəcək. Hesab edirəm ki, perspektivi nəzərə alan, dünya elminin trendlərinə uyğunlaşan bir sistem qurulacaq və alışdığımız durğun elmi mənzərədən xilas ola biləcəyik. İlkin addımlar atıldıqdan sonra bu mənzərə bizə tam aydın olacaq. Hərhalda ümid edirik ki , bu həm Azərbaycan təhsili üçün, həm də Azərbaycan elmi üçün inkişafa implus verəcək”.