“Qisas” sülhə növbəti çağırışdır

Azərbaycan öz ərazisində bütün hüquqlarını tətbiq edib, başa çatdıracaq

"Bizim qarşımızda dəqiq məqsəd və vəzifələr var. Onlardan biri də münaqişəyə qədər Xankəndidə, Xocalıda, Ağdərədə, Əskəranda və digər ərazilərdə yaşayan azərbaycanlıların öz evlərinə qayıtmasıdır"

  Erməni terrorçularının Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək cəhdləri bir əsgərimizin şəhid olması ilə nəticələndi. Azərbaycan Ordusu düşmən təxribatına cavab olaraq dərhal “Qisas” cavab əməliyyatına başladı. Əməliyyat nəticəsində terrorçu dəstələr ağır itkilər verdilər. Eyni zamanda Qırxqız yüksəkliyi, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər hərbçilərimiz tərəfindən nəzarətə götürüldü.

Erməni terrorçularının bir neçə döyüş mövqeyi dağıdıldı. Keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildi. Bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və xeyli sayda döyüş sursatları məhv edildi. Prinsip etibarilə rəsmi Bakının belə bir əməliyyat keçirəcəyi bəlli idi. Məsələ ondadır ki, Ermənistan tərəfi 10 noyabr 2020-ci il tarixli bəyanatın 4-cü maddəsini yerinə yetirmirdi. Həmin maddədə açıqca qeyd edilir ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Lakin ötən müddət ərzində atılan addımlar Ermənistanın 10 noyabr 2020-ci il tarixli bəyanatın 4-cü maddəsini yerinə yetirmək istəmədiyini göstərdi. 

Nəticə etibarilə rəsmi Bakının Ermənistanın bu mövqeyinə adekvat cavab olaraq gec-tez hərbi əməliyyat keçirəcəyi gözlənilirdi. Əsgərimizin şəhid olması ilə nəticələnən qanlı insident həmin əməliyyatların başlamasını legitimləşdirdi. Müdafiə Nazirliyi rəsmi məlumatda nəzarətə götürülən ərazilərdə artıq mühəndislik işlərinin aparıldığını qeyd edib. 

Ermənistanla yanaşı, Rusiya da məsuliyyət daşıyır

  Ekspertlərin fikrincə, əməliyyatların davam etməsi və yaxın zamanlarda təkrarlanması da mümkündür. Politoloqlara görə, “Qisas” əməliyyatlarının diqqət çəkən məqamı Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə keçirilən görüşdən qısa müddət sonra baş verməsidir. Məlum olduğu kimi, XİN başçıları arasında ilk ikitərəfli görüş münaqişənin nizamlanması baxımından ciddi ümid yaratmışdı. Hətta təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilmişdi. Əslində bu praktika bir daha göstərmişdi ki, rəsmi İrəvan və Bakı təkbətək qaldıqda münaqişəni nizamlaya bilərlər. Tbilisi görüşü hər nə qədər Gürcüstanın təşəbbüsü ilə reallaşmış görünsə də pərdə arxasında Vaşinqtonun olduğu açıq idi. Ümumiyyətlə, ABŞ indiki məqamda Ermənistan ilə Azərbaycan arasında münaqişənin bitməsini istəyir. 

Bunun əsas səbəbi Avropaya qaz nəqlinin artırılmasında Bakının perspektivli ölkə olması və Ermənistanın Qərbə inteqrasiya prosesi dayanır. Bu mənada qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətməsi Kremlin maraqları çərçivəsindədir. Rusiya indiki məqamda ABŞ-ın və ya başqa bir qüvvənin Ermənistan-Azərbaycan münaqişəsinə müdaxilə etməsinə razı deyil. 

“3 avqustdakı qanlı insident Ermənistanın öhdəliklərini yerinə yetirməməsinin nəticəsidir”

  Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, yaşanan son gərginliyin səbəbi, məhz qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atmasıdır: “3 avqust tarixində Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insident də məhz Ermənistanın öhdəliklərini yerinə yetirməməsinin nəticəsidir. Üçtərəfli bəyanatın 6-cı bəndinə istinad edərək, Azərbaycanı müvafiq müddəanın pozuntusunda ittiham edən Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Laçın dəhlizi üzrə yeni yolun inşası razılaşdırılmış marşrut üzrə artıq uzun aylardır ki, gedir və Ermənistan tərəfi bu yol ilə bağlı kifayət qədər məlumatlıdır. Əgər Ermənistan tərəfi üçtərəfli bəyanatın digər müddəaları kimi bu öhdəliyin də həyata keçirilməsini müxtəlif bəhanələrlə ləngitmək məqsədini güdürsə, bu, bir daha Ermənistanın qeyri-konstruktiv və üçtərəfli bəyanatların və digər razılaşmaların icrasına münasibətdə pozucu fəaliyyətinin bariz nümunəsidir”.

“NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır”

  NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “Twitter” hesabında yazıb ki, hərbi blok Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır: “Biz insan itkisi ilə bağlı dərindən təəssüflənirik və hər iki tərəfi gərginliyi azaltmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tərəfdardır”. 
  Amerikalı ekspertlər isə hesab edirlər ki, Ermənistan silahlı qüvvələrinin təxribatları regionda sülh prosesinə ziyan vurur. Milli təhlükəsizlik üzrə analitik İ.Tsukerman deyib ki, erməni ordusu üçtərəfli bəyanat qəbul olunduqdan bəri həm Azərbaycanla sərhəddə, həm də Azərbaycan ərazisində rusiyalı sülhməramlıların mövcudluğuna baxmayaraq təxribatlar törətməkdə davam edir: “Beynəlxalq ictimaiyyət üçtərəfli bəyanatın icra olunması və qoşunların azad edilmiş ərazilərdən tam çıxarılması üzrə öhdəliklərin yerinə yetirilməsinin təmin olunması üçün Ermənistanla münasibətdə hər hansı bir tədbir görməyib. Bu şəkildə fəaliyyət göstərməyə davam etməklə, erməni qoşunları regionda sülh prosesinə ziyan vurur”. Tsukerman bildirib ki, Ermənistanın addımları sülh müqaviləsinin imzalanmasına yönəlmiş işlərə ziddir: 

“Təəssüf ki, Ermənistanın təxribatları Azərbaycanı azad edilmiş ərazilərini bərpa etmək işindən yayındırmağa yönəlib. Ermənistan hərbi birləşmələrinin Azərbaycanın suveren ərazisində mövcudluğunun özü qəbuledilməzdir”. Amerikalı ekspert Piter Teys öz növbəsində bildirib ki, Ermənistana üçtərəfli bəyanatı tam yerinə yetirməsi və Azərbaycana qarşı silahlı təxribatları dayandırması üçün təzyiq göstərmək lazımdır.

 “Kreml Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır”

  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da gərginliyə münasibət bildirib. O, Moskvanın hadisələri çox diqqətlə izlədiyini qeyd edib: “Tərəfləri təmkinli olmağa, ən əsası məlum üçtərəfli sənədlərin bütün müddəalarına əməl etməyə çağırırıq”. Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov isə bildirib ki, Qarabağda gərginliyin əsas səbəbi Ermənistanın üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməsidir. Onun sözlərinə görə, avqustun 3-də baş verən insidentin ən başlıca səbəbi Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsinin demilitarizasiyasının aparılmamasıdır: “Orada hələ də qanunsuz olaraq erməni silahlı birləşmələri qalır, hansı ki, hazırda onlar orada döyüşür. Bundan başqa, hələ də Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiya olunmaması da regionda gərginlik yaradır. Digər mühüm məqam isə Zəngəzur dəhlizinin reallaşmamasıdır. Azərbaycan tərəfi bu dəhlizin öz ərazisindən keçən hissəsini reallaşdırır. Bu şərtlərdə potensial münaqişə üçün şərait yaranıb”. Rusiyalı siyasi ekspert rəsmi İrəvanın 10 noyabr bəyanatının şərtlərini yerinə yetirməməsinin hərbi münaqişənin daha da genişlənməsinə səbəb olacağını vurğulayıb: “Əgər Ermənistan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməsə, hərbi münaqişə davam edəcək, hətta genişlənəcək. Bu şərtlərdə Azərbaycanın təkbaşına Qarabağı, eləcə də Laçın rayonunu demilitirizasiya qərarı hər kəs tərəfindən, həm Azərbaycan əhalisi, həm də beynəlxalq ictimaiyyət tərəfindən anlayışla qarşılanır. Rusiya sülhməramlı qüvvələrinin güc yolu ilə demilitarizasiyanı həyata keçirməsi üçün təəssüf ki, tam mandatı yoxdur. Rusiya ancaq Ermənistanı üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyə yola gətirə və çağıra bilər”.

“Qisas” əməliyyatı regionda sülhün yaradılmasına xidmət edir”


  Millət vəkili Hikmət Babaoğlu “Şərq”ə vurğulayıb ki, Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatı antiterror əməliyyatıdır və regionda sülhün yaradılmasına xidmət edir. Deputat bildirib ki, Azərbaycanın hər bir əsgəri dəyərlidir və əsla heç bir əsgərimizin qanı yerdə qalmayacaq:

 “Erməni terrorçuları dəqiq bilməlidirlər ki, Azərbaycan ərazisini tərk etmək istəməyən silahlı quldurlar eyni aqibəti yaşayacaq. Məsələnin hüquqi tərəfinə gəldikdə isə Azərbaycanı “3 avqust əməliyyatı”na təşviq edən erməni təxribatı olub. Terrorçu Ermənistan dövləti bu günə qədər 10 noyabr üçtərəfli bəyannaməsində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Üstəlik, bəyannamənin 4-cü və 6-cı bəndlərini manipulyasiya etməyə çalışıb. Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın Laçınla bağlı son açıqlaması da bunun sübutudur. Bu özlüyündə siyasi-diplomatik təxribatdır. Bəyannamədə Rusiya sülhməramlılarının daxil olmasına paralel olaraq bütün erməni terrorçu birləşmələri Azərbaycan ərazisini tərk etməli idi. Ancaq bu günə qədər hələ də suveren ərazilərimizdə erməni silahlı quldurları var. Üstəlik, sülhməramlıların arxasında gizlənərək şanlı Azərbaycan əsgərini şəhid ediblər”. Parlament üzvünün fikrincə, Azərbaycanın beynəlxalq hüquqla və Milli Konstitusiyası ilə tam haqqı var ki, öz ərazisində suveren hüquqlarını təmin etsin: “Qisas” əməliyyatı da buna xidmət edirdi. Bizim qarşımızda dəqiq məqsəd və vəzifələr var. Onlardan biri də münaqişəyə qədər Xankəndidə, Xocalıda, Ağdərədə, Əskəranda və digər ərazilərdə yaşayan azərbaycanlıların öz evlərinə qayıtmasıdır. Bu məsələ də üçtərəfli bəyannamədə öz əksini tapıb. Üçtərəfli bəyannamənin bütün tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir. Ermənistan kapitulyasiya aktı ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyənə qədər bu cür antiterror əməliyyatları həyata keçiriləcək. Vaxt demək olar ki, yoxdur. Azərbaycan öz ərazisində bütün hüquqlarını tətbiq edib, başa çatdıracaq. Buna qarşı gələnləri isə yeni antiterror əməliyyatları gözləyir. Ermənistan bilməlidir ki, nə dünya 30 il əvvəlki dünya, nə də Azərbaycan 30 il əvvəlki Azərbaycandır. 44 günlük müharibənin dərsini düşmən unutmamalıdır. Əks təqdirdə yeni faciələrə hazır olmalıdırlar”.

Döyüş coğrafiyasının əhəmiyyəti nədədir?

  Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli vurğulayıb ki, Sarıbaba yüksəkliyi - Şuşa işğaldan azad edildikdən sonra Laçın dəhlizi Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəlişi təmin etmək məqsədilə müvəqqəti şəkildə rus sülhməramlılarının nəzarətinə verilib. Nəticə etibarilə Azərbaycan bir müddət istifadə etdiyi Xankəndi - Şuşa magistralından imtina edərək, Zəfər yolunu inşa edib: 

“Bütövlükdə isə Daşaltıdan Şuşaya qalxan yol istisna olmaqla, digər marşrutlar müəyyən qədər təhlükəsiz deyildi. Şuşa özü isə ümumilikdə üç tərəfdən müəyyən təhlükələrə məruz qala bilərdi. Amma Sarıbaba Laçın dəhlizinə 2 km, Laçın-Şuşa yolunun üzərində yerləşir. Ağdam, Şuşa, Laçın, Kəlbəcər, Sisian, Qafan kimi mərkəzlərə birbaşa və ya dağ yolları ilə keçən ənənəvi xətlərin mərkəzində yer alır. Hündürlüyə malik olmaqla, cənub cəbhəsini tam, şərq və şimal cəbhəsini qismən, Laçın-Şuşa yolunu tam nəzarətdə saxlamağa imkan verir. Sarıbabada cəmləşən zərbə dəstələri göstərir ki, prosesin ana xətti Laçın dəhlizinin boşaldılması, yeni yolun işə salınması gələcəyə yönəlik bütün hərbi-coğrafi üstünlükləri əldə saxlamağa, Şuşanın təhlükəsizliyini tam təmin etməyə yönəlikdir.
  Qırxqız dağı Azərbaycanın Qarabağ silsiləsinin şimal ərazisində Laçın, Kəlbəcər və Xocalı rayonunun ərazisini əhatə edən dağ silsiləsidir. Başqa sözlə, dağın əldə edilməsi - Kiçik Qafqazın Qarabağ hissəsində 3 min metr hündürlükdən bütün Xocalının nəzarətə alınması, yenə Laçına nəzarətin təmin edilməsidir”.