"Qisas"dan sonra Paşinyan oyun qurur

İrəvan Qarabağda Bakı və Moskvanı üz-üzə qoymağa çalışır

Baş nazirin baş verənlərə məsuliyyəti Rusiya sülhməramlılarının üzərinə qoyması da buna hesablanıb

  “Ermənistan Qarabağda qalan silahlı dəstələrini separatçıların qondarma “müdafiə ordusu”nun tərkibinə daxil edib”. Bu barədə “Şərq”ə siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik bildirib ki, sentyabr ayına qədər sonuncu müddətli hərbi qulluqçular tərxis olunsa da, zabit və müqaviləli erməni hərbçiləri Qarabağda qalacaq: “Paşinyan Bakıya qarşı “Dağlıq Qarabağ” kartını oynayır. Erməni baş nazir deyir ki, Azərbaycan və Rusiya Qarabağda “təmas xəttinin” təhlükəsizliyinə zəmanət verərsə, separatçı-terrorçuların “postlar” qurmasına ehtiyac qalmayacaq. İddia edir ki, separatçı-terrorçuların “mövqe-post” qurmasına ehtiyac Bakının “sülhməramlıların mandatını” təsdiqləməkdən imtinasına görə yaranıb. Əlavə edir ki, “Sülhməramlı missiyasının “tam hüquqlu fəaliyyəti” üçün Ermənistan və Rusiyanın imzalarının kifayət etdiyini hesab edirik, əgər belə deyilsə, o zaman “mandat”ın beynəlxalq səviyyədə tanınması və ya onun genişləndirilməsi prosesinə başlamaq lazımdır”. 

Paşinyan bununla bir neçə istiqamətdə oyun qurur. Birincisi, Azərbaycanın Qarabağda “təmas xətti”ni, həm də de-fakto separatçı-terrorçuların mövcudluğunu tanımasını istəyir. “Status” iddiasını “etnik ermənilərin təhlükəsizlik və hüquqlarının qorunması” ilə əvəz edən İrəvan “təmas xətti” gedişi ilə bu mövqeyini gücləndirməyə çalışır. İkincisi, Bakının bunu etməyəcəyini bilir, lakin bu məsələ üzərindən rus sülhməramlılarının “mandatı”nı gündəmə gətirməklə Moskvanın əlinə oynayır, onun dəstəyini qazanmağa çalışır. 

Üçüncüsü, “sülhməramlı missiyasının genişləndirilməsi prosesi” ilə beynəlxalq ictimaiyyəti – Qərbi prosesə qoşmaq imkanını gündəmə gətirir. Bununla həm Moskvaya “siz zəmanət verməsəniz, Qərbə üz tutarıq” mesajı verir, həm də Qərb ölkələrinə “qapı göstərməklə” Qarabağ məsələsində dəstəyi genişləndirmək gedişi edir”. 

  A.Nərimanlıya görə, Ermənistan Laçın dəhlizinin alternativ marşruta köçürülməsinə könüllü razı olmayacaq: 

“Bakının “Qisas” əməliyyatından sonra dəhlizin yeni marşruta köçürülməsinin sentyabr ayına qədər həyata keçiriləcəyinə dair razılaşmanın olduğu məlumatları var. Erməni baş nazirin sözləri isə İrəvanın buna qarşı olduğunu təsdiqləyir. Paşinyan Zəngəzurdan dəhliz verməyəcəyini bir daha elan etdi. Erməni baş nazir bildirir ki, “Naxçıvanla Azərbaycanın qərb rayonları arasında rabitəni təmin etməyə hazırdırlar, Ermənistan qanunvericiliyi çərçivəsində sərhədi keçib Naxçıvana gedə bilərlər”. Bununla 10 noyabr razılaşmasının 9-cü bəndinə uyğun olaraq Naxçıvana “maneəsiz keçid” vermək niyyətində olmadıqlarını deyir. Nikolun fikirlərindən çıxan ümumi nəticə və hədəflər belə görünür: - İrəvan Qarabağdakı “etnik ermənilərlə” bağlı üzərinə düşəni edir, lakin məsələnin əsas ünvanı Rusiyadır. 

Baş verənlərə məsuliyyəti Rusiya sülhməramlılarının üzərinə qoyması da buna hesablanıb. İrəvanın rolunu arxa plana keçirməklə, Qarabağda Bakı və Moskvanı üz-üzə qoymağa çalışır. Həm də Bakıya açıq mesaj verir ki, güc tətbiqi olmasa, razılaşmalar yerinə yetirilməyəcək. Prezident İlham Əliyev “Qisas” əməliyyatından öncə sonuncu çıxışı zamanı elan etmişdi ki, erməni qoşunlar Azərbaycan ərazisindən çıxmalıdır. Həmçinin, Naxçıvana “maneəsiz keçid” təmin edilməlidir.

 Əgər razılaşmalara əməl edilməsə, Bakının cavab addımları olacaq. “Qisas” əməliyyatı bu cavablardan biri hesab edilə bilər. Əsas hədəflərindən biri də İrəvanı razılaşmalara məcbur etməkdir. Hərçənd, erməni baş nazir bunun yetərli olmadığını deyir”.