İlk görüşdən könüllərə hopan adam - Araz Zeynalov - "Ötürdüyü işıqdan ümidlərim cücərmişdi"

Xəbəri eşidənnən bəri naməlum, məchul bir qüvvə məni cəmi bircə dəfə görüşdüyüm adamın itkisindən yazmağa təhrik edir. Dünən dünyasını dəyişən Araz müəllimi deyirəm,-jurnalist Araz Zeynalovu. Onu mənimlə Səbuhi Sədəf tanış edib, zəng vurdu ki, gəl "Göy-göl"ə Araz müəllimlə tanış edim səni. Yadıma düşdü ki, cümə günüdür, xeyli müddətdir ki, bu, iki yoldaş həftənin son iş gününü belə yola salıb, istirahət günlərini belə qarşılayırlar. Yorğunuydum, elə də həvəsli getmədim. "Space" tv-nin arxasında, ağaclıqlar içindəki "Göy-Göl" kafesində çox olmuşdum.

 Bu məkanla da Səbuhi tanış edib məni. Gəncəli iki qardaşın binanın alt mərtəbəsində əl-ələ verib çalışdıqları bu yeməkxana daimi müştərilərinin məbədinə çevrilib, eyni adamları burda görməyə alışmışdım . Foye-zalda masalardan birinin arxasında çal saçları iki hissəyə daranıb ayrılmış, səliqəli görkəmdə ortayaşlı bir kişi təkcə yeyib-içirdi. Fikirləşdim, yeni müştəridir, çünki ilk dəfə görürdüm burda. Onun tənhalığı canımı biraz da sıxdı. Həmin axşam "Göy-Göl" daha həzin, daha hüznlüydü. Səyavuşun şövqlü səsi diqqətimi yayındırdı bu kədərli mənzərədən.

-Xoş gəlmisən, qadan alım. Səbuhigil üçüncü kabinetdədirlər. Keç otur, sənə yarım doyğa verim, kefin desin. 
Anladım ki, yorğun görünüşümə "redaktələr" eləməliyəm, ancaq Səyavuşun öz gəncəli ləhcəsiylə dovğaya "doyğa" deməsi qırımımı açmışdı artıq. 

Səyavuşun göstərdiyi üçüncü kabinetə keçib ilk Səbuhi ilə görüşüb qucaqlaşdıq, sonra Araz müəllim də ayağa qalxıb doğması kimi bağrına basdı məni- ilk dəfə gördüyü adamı. Üçüncü adam da varıydı masada. Araz müəllimin qohumu, həm də tanınmış geoloquydu. Təbii, onunla sadəcə əl tutduq. O axşam geologiya və mineralogiyayadan tutmuş jurnalistikaya qədər  çox şeydən danışdıq, ancaq, heç biri təfərrüatıyla yadımda qalmayıb, təəssüf. Yadımda qalanlar  Səyavuşun "doyğa"sından sonra pomidor qızartmasıyla kotlet, bir də Araz müəllimin tez-tez ironik tərzdə kiməsə "idiot" deməsiydi. Ayrılanda Araz müəllimin portretini ürəyimdə "çəkmişdim" artıq. Ötürdüyü istilikdən, işıqdan arzularım yaşıllaşmışdı, ümidlərim cücərmişdi. Maşını sürmürdüm, özü Allah umuduna gedirdi. 
Səbuhi Araz müəllimin xəstələnib evə dustaq düşdüyünü ilk deyəndə də  ümidli və nikbiniydim. Xəstəliyi yenəcəyinə  inanırdım. 

Söz vaxtına çəkər deyirlər, keçən ilin bu günlərində günorta Səbuhiylə görüşüb harasa gedirdik. Səbuhi votsapda "Göy-Göl" Səyavuşa səs göndərdi ki, menyunun şəkilini Araz müəllimə də atsın. Bunu eşidib sevindim: "Səbuhi çox şükür, deyəsən Araz müəllim sağalıb yeyib içməyə köklənib" -soruşdum. 

- Yox,- qısa fasilə verib davam etdi: "Durumu qənaətbəxş deyil. İcazə vermirlər evdən çölə çıxmağa. Sadəcə  bilir ki, axşam "Göy-Göl"də olacam, menyunu incələyir və bir azdan təxminən belə bir mesaj göndərəcək: "Səbuhi, baxdım menyuya. Sənin yerində olsam, zirinclə qovrulmuş dana əti sifariş verərdim axşama".
Cavabdan məyus oldum və başqa heç nə soruşmadım.

Yadıma düşdü ki, bu gün cümə günüdür,- həftənin son iş günü...

Babək Məmmədli, mühəndis