Ermənistanın növbəti avantürası! -  "Revanşist addımı özü üçün faciələrə səbəb olacaq”

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir. Uzun müddətdir Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparırdı. İrəvan hökuməti Azərbaycanla aparılan sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edirdi.

 Son günlərdə də Ermənistan hakimiyyətinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasından boyun qaçırdığı müşahidə olunmaqdadır. Həm Rusiya, həm də Qərb ölkələrindəki müəyyən dairələrin təhriki, o cümlədən erməni lobbisinin dəstəyi ilə Ermənistanda revanşist ab-hava qızışdırılır.

 "Torpaqların qaytarılması", “Qarabağın müstəqilliyinin təmin edilməsi” və s. bu kimi iddialar süni şəkildə stimullaşdırılır. 

Yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər

Ermənistan hakimiyyəti bir müddətdir ordunu bərpa etmək istiqamətində iş aparırdı. Rusiya, ABŞ, Avropa ölkələrindən silah alınması və ordunun təchizat məsələlərinin həlli istiqamətində iş gedirdi. Paralel olaraq Qarabağa hərbçilər və silah göndərilirdi. Orada yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər olunurdu. Digər tərəfdən, Ermənistan Azərbaycanla sərhəddə yeni hərbi obyektlər yaradır. Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırılırdı. Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Rusiyanın Vladivostok şəhərində keçirilmiş forumda çıxışı zamanı faktiki olaraq yeni hərbi qarşıdurma iddiası ilə çıxış etmişdi. Məhz bu açıqlama sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu oldu. 

Revanşist siyasətin ifşası

Bütün bunlar onu göstərir ki, Ermənistan uzun müddətdir revanşa hazırlaşır və bunun üçün həm siyasi, həm hərbi, həm də informasiya zəmini yaradır. Xüsusən, Laçının təhvil verilməsi Ermənistan hakimiyyəti üçün növbəti ağır zərbə oldu. İrəvan hökuməti daxil təzyiqləri neytrallaşdırmaq, ictimai rəyi dəyişmək üçün növbəti hərbi-siyasi avantüraya başladı. Azərbaycan dəfələrlə ən müxtəlif səviyyələrdə Ermənistanın revanşist siyasətini ifşa edib. Həyata keçirilən hazırlıqların hansı məqsədə xidmət etdiyini faktlar əsasında göstərib. Ermənistan hakimiyyətini bu cəhdlərin onun özü üçün ağır nəticələrə gətirib çıxaracağını xəbərdar edib. Lakin Ermənistan xəbərdarlıqlardan dərs çıxartmayıb. 

Tovuz döyüşləri ilə analogiya 

Faktiki olaraq sentyabrın 12-13-də baş verənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir. Tovuz döyüşləri zamanı olduğu kimi Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. 

Təhdid yaradan hərbi təyinatlı obyektlər darmadağın edildi

Ermənistanın növbəti avantürası bir daha göstərdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi isitqamətində atılan istənilən addım Ermənistanın özü üçün yeni faciələrə səbəb olacaq. Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. Bu obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır. Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək. Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda  hərbi obyekti və onlarla postu məhv edildi. Ermənistanda yüzlərlə ölü və yaralı var. Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha aydın göründü. Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi.

Ən ağır formada cavab veriləcək.
 
 Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz. 
Hazırki hadisələri 2020-ci il Tovuz hadisələrindən fərqləndirən önəmli cəhət odur ki, həmin dövrdə Azərbaycan əraziləri işğal altındaydı. Bu gün isə Azərbaycan Ordusu Azərbaycanın dövlət sərhədinin Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində  Ermənsitanın təxribatlarına layiqli cavab verir. Ermənistanın son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlara imkan verməmək üçün qurban verdilər. Onlar 2020-ci ilin iyulunda general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər igidlərimizin qəhrəmanlığını, igidliyini, şücaətini bir daha düşmənə və bütün dünyaya nümayiş etdirdilər. Azərbaycan Ordusu bir daha göstərdi ki, Vətəninə qarşı istənilən addımın, təxribatın qarşısını almaq qüdrətindədir. Heç kimin zərrə qədər şübhəsi olmasın ki, Ermənistanın istənilən təxribat cəhdlərinə ən ağır formada, artıqlaması ilə adekvat cavab veriləcək.