"Bu dəfə çox əminəm..."

Çingiz Göytürk: "İrandakı aksiyaları qısa zamanda yatırmaq mümkün olmayacaq"

"Bütün imkanlar cəlb edilərək etirazlar yatırılsa belə aksiyalar İran fars dövlətinin imicinə böyük ölçüdə zərbə vuracaq. Rejim heç vaxt keçmiş gücündə olmayacaq"

  22 yaşlı Məhsa Əmininin ölümü İranda böyük etirazlara səbəb olub. Artıq bir neçə gündür ki, qonşu İranın Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və digər böyük şəhərlərində kütləvi aksiyalar keçirilir. Əsasən qadınların üstünlük təşkil etdiyi aksiyalarda əsas tələb vətəndaşlara azadlıq hüququnun verilməsi və məcburi hicab tələbinin ləğv olunmasıdır. İranlı qadınların hicab aksiyasına kişilər də qoşulmağa başlayıb. Etirazçılar hökumətin yürütdüyü siyasətdən narazılıq edərək, sivil cəmiyyətdə yaşamaq istədiklərini bəyan ediblər. 

Bəzi şəhərlərdə polis etirazçılara qarşı silahdan və gözyaşardıcı qazdan istifadə edib. Polislə qarşıdurmada xəsarət alanların olduğu bildirilir. İranda rejimin tətbiq etdiyi hicab qaydalarına qarşı etiraz aksiyaları bundan öncə də olub. Hətta bir neçə ay əvvəl Tehran hakimiyyətinin hicab qaydasını pozanlara qarşı tədbirlər planı çərçivəsində Güney azərbaycanlı ictimai fəal Məleykə Qaragözlü 4 il yarım müddətinə azadlıqdan məhrum edilib. İndi kürd etnosunun nümayəndəsi olan Məsihə Əmini də həmin qaydaları pozanlara qarşı mübarizə tədbirlərinin qurbanlarından birinə çevrilib. Son hadisə İran rejiminin tətbiq etdiyi hicab qaydalarına bir etnosun və bir neçə insanın deyil, ümumilikdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütövlükdə İran cəmiyyətinin mövcud hakimiyyətə və onun tətbiq etdiyi qaydalara etirazıdır. 

  Hazırda Finlandiyada yaşayan, Təbrizdən olan azərbaycanlı siyasi şərhçi Çingiz Göytürk "Şərq"ə açıqlamasında deyib ki, İran fars dövlətində mövcud dini rejimə qarşı bir neçə gündür davam edən etiraz aksiyaları daha öncə də olub. Ekspert 2009-cu ildə isə prezident seçkiləri zamanı İranda baş vermiş "yaşıllar hərəkatı"nı xatırladıb: 

"Neçə gün öncədən Məhsa Əmininin İranın Daxili İşlər Nazirliyinin İrşad qüvvələri tərəfindən öldürülməsinə etiraz olaraq başlamış kütləvi aksiyalar daha əvvəlki etirazlardan mahiyyət etibarı ilə böyük ölçüdə fərqlənir. Başlıca fərq ondan ibarətdir ki, indiki etirazlar kiçik, lokal xarakterli aksiya olaraq qalmadı. İranda etiraz aksiyaları gündən-günə genişlənir. Özü də fars dövlətinin bütün şəhərlərində etirazlar var. Millətin bütün təbəqələri, sinifləri etiraz aksiyalarına qoşulur. Xüsusən, qadınlar etiraz aksiyalarının önündədir və İran İslam Respublikasının ən önəmli təməllərindən birinə qarşı çıxırlar. İlk dəfə olaraq bu qədər açıq formada hicab məsələsinə, yəni qadınların zorakılıq gücünə örtünməsinə qarşı etirazlarını bildirir, öz hüquqlarını müdafiə edirlər. Ancaq bir məsələni diqqətdən qaçırmamalıyıq.   Güney Azərbaycandakı etirazlarda Məhsa Əmininin ölümünə, qadın haqq-hüquqlarının müdafiəsinə yönəlik şüarlarla yanaşı, daha ciddi bir şüar da ön plana çıxır. Bu şüarlar - "Azadlıq, ədalət və milli hökumət"dir. Yəni Güney Azərbaycan bölgələrində etiraz nümayişlərinə çıxan insanlar ümumiran hərəkatında qadın və insan haqları uğrunda mübarizəyə verdikləri dəstəklə bərabər, özlərinin istəklərini, tələblərini, milli haqq-hüquqlarını da ortaya qoyurlar. Bu, çox önəmli və diqqət yetirilməsi zəruri məsələdir. Türk bölgələrində baş verən aksiyalar digər yerlərdəki etirazlardan ciddi şəkildə fərqlənir". 

  Ç.Göytürk aksiyaların nə qədər davam edəcəyi və nəticələri ilə bağlı sualımızı belə cavablandırıb:

 "İrandakı etirazları qısa zamanda yatırmaq mümkün olmayacaq. Ən əsası isə bu etirazlar fars dövlətinin təməlini sarsıdacaq. Bundan ciddi şəkildə əminəm. Hətta etirazlar rejimin yıxılmasına qədə gedə bilər. Bütün imkanlar cəlb edilərək etirazlar yatırılsa belə aksiyalar İran fars dövlətinin imicinə böyük ölçüdə zərbə vuracaq. Rejim heç vaxt keçmiş gücündə olmayacaq və daxili problemlərlə daha çox məşğul olmaq məcburiyyətində qalacaq. Nəticədə bölgə dövlətləri, o cümlədən Azərbaycan İranın şərindən, ən azından şərin bir qismindən xilas olmuş olacaq. Ümumən hesab edirəm ki, bu hələ başlanğıcdır və davamı gələcək".