Prezident hədəfləri açıq-aydın göstərdi

Erməni qoşunlar Qarabağdan tam çıxarılmalıdır, Zəngəzur dəhlizində işlər başlanmalıdır 

  "Laçının mərkəzində Azərbaycan bayrağını qaldıran Prezident İlham Əliyev diqqətçəkən məqamlara toxundu. Bu həm də bəzi məsələlərin birinci şəxs tərəfindən təsdiqi baxımından önəmlidir". 

Bu sözləri "Şərq"ə açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, Azərbaycan Ermənistan ərazisinə müdaxilə etməyib: 

"Dövlət başçısı İlham Əliyev elan etdi ki, delimitasiya aparılmadığı müddətdə sərhədin haradan keçdiyini heç kim iddia edə bilməz. Bu həm xaricdən, həm daxildən səslənən “Azərbaycan Ermənistana təcavüz edib” iddiasına cavab olmaqla yanaşı, problemin yeganə həll yolunun delimitasiya prosesinin reallaşması olduğu da deməkdir.

Delimitasiya hansı xəritələrlə aparılacaq? Ölkə rəhbəri rəsmi Bakının XX əsrin xəritələrinə istinad etdiyini bildirir. Burada diqqətçən məqam “SSRİ dövrünün” yox, məhz “XX əsrin və ondan əvvəlki dövrün xəritələri” ifadəsidir. Bu o deməkdir ki, Azərbaycan SSRİ qurulmamışdan öncəki dövrün xəritələrini də masada prioritet sənəd olaraq təqdim edir.

 Bu gedişin iki mümkün səbəbi var. Hədəfi daha yüksək qoyaraq, ən azı SSRİ dövründə Ermənistana müxtəlif adlar altında verilən ərazilərə nail olmaq. 

Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndi və “otlaq-əkin sahələri” adı ilə ermənilərə “bağışlanan” ərazilərin qaytarılması bu prosesdə həllini tapa bilər. Azərbaycanın tarixi torpaqlara qayıdış ideologiyası danışıqlar masasına çıxarılır".

  Ekspert vurğulayıb ki, dövlət başçısının çıxışı əməliyyatda üç nəticə əldə edildiyini rəsmi şəkildə təsdiqləyir: "Birincisi, Azərbaycan Ordusu öz torpağında mövqelər tutub. 

Bu həm də əməliyyatdan sonra ordumuzun geri çəkildiyinə dair iddialara cavabdır. İkincisi, əldə edilən mövqelər bütün sərhəd boyunca həm hərbi üstünlük, həm də vizual nəzarət imkanı verir: Azərbaycan əsgəri ermənilərin mümkün təxribatlarını, ümumiyyətlə, sərhəd boyunca istənilən addımını izləyə biləcək. 

Üçüncüsü, bu mövqelər Ermənistanın mühüm kommunikasiya xətlərinə nəzarət imkanı da yaradır. Ermənistanın 10 noyabr razılaşmasının icrasından yayındığını deyən Prezident iki prioritet istiqaməti də elan etdi. 

Erməni qoşunlar Qarabağdan tam çıxarılmayıb. Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki iş aparılmır. Mümkündür ki, Azərbaycan bu iki məsələnin icrası istiqamətində praktiki addımlar atsın". 

A.Nərimanlıya görə, ölkə başçısının fikirləri Ermənistan üçün “yol xəritəsi” də hesab edilə bilər:

 "10 noyabr razılaşması icra edilməli – erməni qoşunlar Qarabağdan tamamilə çıxarılmalı, Zəngəzur dəhlizində işlər başlanmalıdır. Sərhədin delimitasiyası XX əsrin xəritələrinə uyğun aparılmalıdır. Bakının təqdim etdiyi 5 prinsip əsasında sülh sazişinin imzalanmasının alternativi yoxdur".