8 yol xəritəsi icra olunmaqdadır

Azərbaycan Rusiya ilə yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinə malikdir

  Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycana rəsmi səfərə gəlib. Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini Prezident İlham Əliyev də qəbul edib. Ölkə başçısı vurğulayıb ki, Azərbaycan və Rusiya dövlət başçılarının müntəzəm görüşləri dinamizmin saxlanmasına şərait yaradır. Dövlət başçısı qeyd edib ki, Dövlət Duması ilə də, Federasiya Şurası ilə də həm rəhbərlik səviyyəsində, həm də deputatlar səviyyəsində daim əlaqə saxlanılıb: "Bu, ölkələrimiz arasında dövlətlərarası münasibətlərin çox mühüm amilidir və bu münasibətlər çox müsbət dinamikaya malikdir. Əlbəttə, dövlət başçıları səviyyəsində müntəzəm görüşlər də dinamizmin saxlanmasına şərait yaradır. 

Bütövlükdə, bizim münasibətlərimizin gündəliyinə fikir versək, o, kifayət qədər genişdir, praktiki olaraq bütün sahələri əhatə edir. Əməkdaşlığımızın o qədər də fəal olmadığı sahələri göstərmək daha asan olar. Ona görə ki, həm siyasi, həm iqtisadi, həm nəqliyyat, energetika və humanitar sahələrdə bütün göstəricilər göz qabağındadır, biz həqiqətən yaxşı dinamika görürük". 

Prezident vurğulayıb ki, iqtisadi-ticari sahədə, informasiya, kommunikasiya, nəqliyyat və digər sahələrdə səkkiz yol xəritəsi razılaşdırılıb və həyata keçirilir: "Hər bir istiqamət üzrə qarşıya qoyulmuş məsələlərin yerinə yetirilməsinin dəqiq qrafiki var və icraya nəzarət edilir: "Əlbəttə, regional təhlükəsizlik məsələləri həmişə bizim münasibətlərimizin gündəliyindədir. Biz bu yaxınlarda Səmərqənddə Rusiya Prezidenti ilə görüşümüzdə bu barədə danışmışıq. Əlbəttə, bizim regionda sülh bütün ölkələr, bütün xalqlar üçün zəruridir. Bizim gündəliyimiz kifayət qədər birmənalıdır. Biz dəfələrlə bildirmişik ki, uzunmüddətli və davamlı sülhün, qonşularımızla bağlı bütün problemlərin həllinin və bu regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq”.

  Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodin də bildirib ki, Moskva Bəyannaməsində xüsusi vurğulanır ki, parlamentlərarası əlaqələr inkişaf etdirilməlidir: 

“Münasibətlərimiz çox cəhətdən Sizin və bizim Prezidentimizin sayəsində inkişaf edir. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamə imzalanıb. Bu, həqiqətən strateji tərəfdaşlıq əsasında əldə edilmiş çox ciddi səviyyədir. Buna görə parlamentlərarası əlaqələri inkişaf etdirməyimiz son dərəcə vacibdir. Biz bu barədə danışmışıq. İş elə gətirib ki, pandemiya həqiqətən planlarımızda dəyişiklik edib. Parlamentlərarası qarşılıqlı fəaliyyət barədə danışmalı olsaq, hər halda bu fəaliyyətin əsasını görüşlər, dialoq, kommunikasiya təşkil edir. Əlbəttə, bütün bunlar videokonfrans rabitə rejimində həyata keçirilib. 

Bu format əsas olub. Lakin bilavasitə söhbət olmasa, münasibətlərin videokonfrans rabitə rejimində olduğu kimi inkişafı barədə danışmaq çətindir. Buna görə pandemiya ilə bağlı vəziyyət yüngülləşməyə başlayan kimi biz bundan istifadə etdik, həmkarlarımızla razılığa gəldik ki, hökmən görüşək və münasibətlərimizin inkişafı məsələlərini müzakirə edək. Ona görə ki, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının prezidentləri tərəfindən imzalanmış Bəyannamədə xüsusi vurğulanır ki, parlamentlərarası əlaqələrimiz inkişaf etdirilməlidir. Buna görə biz kommunikasiya formatlarını, yeni yanaşmaları müzakirə edəcəyik ki, qanunvericiliyin təminatı məsələlərinin, dövlət başçıları səviyyəsində müzakirə edilən məsələlərin həllinə real töhfə verək".

  Millət vəkili Azər Badamov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan Rusiya ilə yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Deputatın sözlərinə görə, ölkə başçıları arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair Müttəfiqlik haqqında Bəyannamə imzalanıb: 

"Geniş əməkdaşlığı özündə ehtiva edən 8 yol xəritəsi icra olunmaqdadır. Dövlət rəhbərlərinin qarşılıqlı səfərləri ölkələrimiz arası münasibətlərin daha da genişlənməsinə imkan verəcək. Dövlət Dumasının sədrinin ölkəmizə  rəsmi səfərini də yüksək dəyərləndirirəm. Vyaçeslav Volodinin səfəri ölkələrimizin parlamentləri arasında əməkdaşlığının genişləndirilməklə dövlət başçılarımız arasında imzalanmış Bəyannamənin daha ətraflı şəkildə icrasına yeni impuls verəcək. 

Parlamentlərarası əməkdaşlığın daha da möhkəmlənməsi zəruridir və imzalanmış sənədlərin ratifikasiyası əməkdaşlığın reallaşdırılması üçün hüquqi bazanı formalaşdırır. 

Rusiya Dövlət Dumasının sədrinin Azərbaycana səfəri çərçivəsində çoxsaylı görüşlər də nəzərdə tutulub. Belə səfərlər ölkələrimiz arasında əməkdaşlıq üçün istifadə olunmamış yeni potensialın üzə çıxarılmasına və icrasına töhfə verir".