BBC ifşa etdi:Vardanyan Qarabağda əbədi qalmayacaq

Burada Paşinyanın devrilməsi ssenarisi də mövcuddur

  Qarabağda özünü "dövlət naziri" elan etmiş milyarder Ruben Vardanyan BBC-nin “Hard Talk” proqramına müsahibə verib. Vardanyan müsahibəsi zamanı ona ünvanlanan bir çox suallara təxribatçı, yalan dolu cavablar verməyə çalışıb. Bir sıra suallar qarşısında susmaqla kifayətlənib. Bəzi məqamlarda isə özünü ifşa edib. Diqqətçəkən məqam Vardanyanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı suallardan yayınması oldu.

 O, Ukraynadakı hadisələr haqda suala cavab verməkdən yayınaraq yenə də ermənilərin “humanitar fəlakəti” haqqında cəfəng danışmağa başlayıb. Vardanyan ona ünvanlanmış suala “beynəlxalq ictimaiyyətin dəstəyini almaq imkanlarına mane olar” deyərək cavab verməkdən imtina edib. 

  Politoloq Turan Rzayev "Şərq"ə deyib ki, Vardanyan öz cavabı ilə özünü ifşa etdi. Analitikin fikrincə, Vardanyanın ortaya qoyduğu bu mövqe onun Rusiyanın, Sarkisyan-Koçaryan qruplaşmasının layihəsi olmasını, Paşinyana müxalif olduğunu bir daha sübuta yetirdi: 

"Vardanyan istəsə belə Ukrayna müharibəsi fonunda Rusiyanın törətdiyi cinayətləri, ya da işğalçılığı dilə gətirib nəsə deyə bilməz. Yaxşı bilir ki, belə bir addım onun sonu ola bilər. Rusiya Vardanyandan qərbmeyilli, anti-Rusiya görüşlü Paşinyan hakimiyyətini cəzalandırmaq vasitəsi kimi istifadə edir. Burada Paşinyanın devrilməsi ssenarisi də mövcuddur: "Bu mənada demək olar ki, Vardanyan Qarabağda əbədi qalmayacaq. Qarabağ onun üçün sadəcə tramplin rolu oynayır. Yəni Ermənistan siyasətinə qədəm qoymaq üçün o, ilk növbədə özünü doğrultmalı, ciddi nələrsə etməli, daha sonra Paşinyanla açıq mübarizə üçün Ermənistan siyasətinə gəlməlidir. Prinsip etibarilə Vardanyanın BBC-nin “Hard Talk” proqramına qatılması da yenə Ermənistan ictimaiyyətinə hesablanan bir addım idi. Onun bu tipli müsahibələrini, açıqlamalarını növbəti günlərdə də görə bilərik".