Terror hadisəsinə görə İran dövləti məsuliyyət daşıyır

Azərbaycan dövləti məsələnin obyektiv araşdırılmasını gözləyir, araşdırmalarda iştirak tələbini irəli sürür

Toğrul İsmayıl: "Azərbaycanda İrana bağlı nə qədər mərkəz, gizli qruplaşma, təbliğat ocağı varsa, hamısı dərhal ləğv olunmalıdır. Bu, İrana veriləcək cavablardan biridir"


  İrandakı səfirliyimizə edilən xain terror hücumu və bir vətəndaşımızın şəhid edilməsi bu dövlətin növbəti dəfə iç üzünü açdı. Rəsmi Tehran müharibə səbəbi sayıla biləcək diplomatik nümayəndəliyə silahlı basqın hadisəsini məişət müstəvisinə endirməyə cəhd göstərdi. İran nəinki Azərbaycandan üzr istədi, əksinə, qatili efirlərə çıxardaraq beynəlxalq hüquqa, qonşuluğa və mənəviyyata zidd bir hadisəyə, terrorçuya haqq qazandırmağa çalışdı. Ancaq yayılan videogörüntülərdən terror aktının bütün təfərrüatları, necə baş verdiyi və nələr yaşandığı gün üzünə çıxdı. Əlbəttə, ölkəmizin səfirlik binasına edilən basqına və törədilən cinayətə görə İran dövləti birbaşa məsuliyyət daşıyır. Tehran hökuməti səfirliyi mühafizə etməli, qorumalı idi. Xüsusən, Azərbaycanla münasibətlərin kəskin olduğu bir dövrdə səfirliyimizin mühafizəsinə daha həssas yanaşılmalı idi. Bütün bunların müqabilində hadisə anında İran polisinin müdaxilə etməməsi haqlı şübhələr yaradır. Hesab edilir ki, hadisə ciddi şəkildə araşdırılmalı və cinayətkar, onun arxasında dayananlar öz cəzasını almalıdır. Azərbaycan dövləti məsələnin obyektiv araşdırılmasını gözləyir, araşdırmalarda iştirak tələbini irəli sürür. Lakin buna ümid çox azdır. İran həmişə terrora dəstək verən ölkə kimi tanınıb. İranda səfirliklərə, diplomatik nümayəndəliklərə, həmçinin xarici vətəndaşlara qarşı hücumların olması ilə bağlı çoxsaylı faktlar da mövcuddur. Ona görə də səfirliyimizə qarşı törədilən terror hadisəsinin obyektiv araşdırılmasına böyük şübhələr var. Yayılan məlumatlardan da görünür ki, hadisəni törədən Yasin Hüseynzadə İran vətəndaşıdır və o, İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olan bir şəxsdir. Nəticə etibarilə İranda Azərbaycan səfirliyinə edilən xain hücum birbaşa İran rejiminin günahıdır və bəlkə də öz təşkilatçılığı ilə baş tutub. Bu terror molla rejiminin Azərbaycan dövlətinə və xalqına bəslədiyi düşmənçilik siyasətindən qaynaqlanır. İranın ölkəmizə qarşı tutduğu düşmənçilik mövqeyi sirr deyil. Xüsusilə də, son iki ildə İran tərəfinin təhdidləri, bizimlə açıq hədə dili ilə danışması məlumdur. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan səfirliyinə edilən silahlı hücum əvvəlcədən məqsədli şəkildə planlaşdırılmış terror aktıdır. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov da məlum terror hadisəsindən danışıb. O deyib ki, Azərbaycanın mövqeyi və tələbləri İran səfirliyinin nəzərinə çatdırılıb. Nazir müavini vurğulayıb ki, hadisə baş verəndən sonra İranın ölkəmizdəki səfiri dərhal nazirliyə dəvət olunub: "Hadisə ilə bağlı əlimizdə olan ilkin məlumatlar əsasında Azərbaycan dövlətinin mövqeyini və tələblərini İranın ölkəmizdəki səfirliyinin nəzərinə çatdırmışıq. Əsas tələbimiz ondan ibarətdir ki, İran məsuliyyət daşıyan dövlət kimi beynəlxalq öhdəlikləri çərçivəsində terror aktını hərtərəfli və təfsilatlı olaraq şəffaf şəkildə tədqiq etməlidir”. Məlumat üçün onu da qeyd edək ki, İrandakı səfirliyimizin fəaliyyəti tam dayandırılıb və əməkdaşlar təxliyə olunub. Xələf Xələfov bildirib ki, Azərbaycan səfirliyinin İrandakı diplomatik fəaliyyəti tamamilə dayandırılsa da, bu qərar Təbrizdəki Baş Konsulluğun fəaliyyətinə şamil olunmayıb. 

  Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl "Şərq"ə açıqlamasında bildirib ki, səfirliyimizə edilən silahlı basqında birbaşa İran dövləti məsuliyyət daşıyır. Professorun sözlərinə görə, əlisilahlı terrorçunun öncədən planlı şəkildə paytaxt Tehranın mərkəzində "Kalaşnikov" markalı avtomatla rahatlıqla gəzməsi, maneəsiz formada səfirliyimizə hücum təşkil olunması bağışlanmaz cinayətdir: 

"Terrorçu əlində silah zorla səfirlik binasına daxil olur, orada bir həmyerlimizi şəhid edir, digər iki nəfəri yaralayır. Əməkdaşlardan biri ona qarşı müqavimət göstərir, yəni xeyli vaxt keçir. Ancaq bunlar baş verərkən səfirliyin önündə keşik çəkən təhlükəsizlik xidmətinin iranlı əməkdaşı heç bir tədbir görmür. Ümumiyyətlə, nəsə etmir, yerindən tərpənmir, həm də çox rahat hərəkət edir. Hadisə zamanı İran polisinin də dərhal oraya gəlməsinin şahidi olmuruq. Ona görə də bütün məsuliyyət Tehran hökumətinin üzərindədir. Əlbəttə, istintaq davam edir, araşdırma gedir. Amma burada diqqət çəkən bəzi məqamlar var. Şübhə etmirəm ki, hadisədə İran xüsusi xidmət orqanlarının əli var. Təsəvvür edin, ciddi olay baş verib, cinayət yaşanıb, buna rəğmən, İranın açıq-aşkar təbliğat ruporu kimi çıxış edən 3 telekanal qatili efirə çıxarıb danışdırır. Azərbaycana qarşı təbliğat davam etdirilir. Ən əsası isə reportajda terrorçu sərbəst danışır, əlləri qandallı deyil və yanında polis də görünmür. Terrorçu çox ucuz ssenari ilə cinayətinə haqq qazandırmağa çalışır. Silahlı hücuma məişət xarakterli don geyindirmək də absurddur və bəlli qrupların marağının göstəricisidir. Vurğulayım ki, istənilən terror aktının üstünü başqa bəhanələrlə ört-basdır etmək mümkündür. İran da bunu edir. Məqsədləri Azərbaycanı qorxutmaq, hədələmək, cəmiyyətdə ruh düşkünlüyü yaratmaqdır". 

  T.İsmayıl vurğulayıb ki, Azərbaycan tərəfi terror aktına haqlı olaraq çox sərt dillə cavab verdi:

 "Eyni zamanda beynəlxalq qaydalara uyğun olaraq, diplomatik müstəvidə rəsmi Tehran qarşısında məsələ qaldırdı, tələblər qoydu. Təbii ki, digər ölkələrdən fərqli olaraq terrora terrorla cavab vermək Azərbaycan dövlətinə xas davranış deyil. Ancaq İranla münasibətlərdə daha tədbirli və ciddi proqram hazırlanmalıdır. Xüsusən, ölkə daxilində İrana bağlı qrupların terror aktlarına təşəbbüs ehtimalı da gözardı edilməməlidir. Azərbaycanda İrana bağlı nə qədər mərkəz, gizli qruplaşma, təbliğat ocağı varsa, hamısı dərhal ləğv olunmalıdır. Bu, İrana veriləcək cavablardan biridir. İrana qarşı mövqeyimiz adekvat olmalıdır".