Braziliya prezidenti Putin və Zelenski arasında vasitəçi olmaq istəyir

Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva Rusiya lideri Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında birbaşa danışıqlara vasitəçilik etməyə hazır olduğunu açıqlayıb.
Braziliyalı siyasətçinin sözlərinə görə, o, hər iki liderlə görüşə və Kiyevlə Moskva arasında sülh danışıqlarının təşkilinə nail olmaq istəyir.
“Əgər Putin və ya Zelenski ilə danışmaq lazımdırsa, o zaman heç bir problem olmadan sülh əldə edilməsi üzrə cəhdləri müzakirə etməyə hazıram”, - deyə o vurğulayıb.
Lula da Silva kifayət qədər gücə malik olanlardan ibarət qrupun toplanmasına çağırış edib. O qeyd edib ki, bu qrup üzvləri danışıqlar masası arxasında hörmət sahibi olmalıdır. “Və hər iki liderlə masa arxasına oturmaq lazımdır”, - deyə siyasətçi əlavə edib.
Eyni zamanda Braziliya prezidenti Ukraynadakı vəziyyətlə bağlı G20-nin analoqunun yaradılmasını təklif edib. O, həmçinin Braziliyanın müharibə zonasında istifadə üçün hərbi texnika tədarük etməyəcəyinə söz verib.

Mənbə: TASS