Ermənistanla hərbi toqquşma qaçılmaz olacaq


Vasitəçi ABŞ və Brüssel Paşinyanın pozuculuq siyasətinə seyrçi qalmaqdadır

  "Ermənistan yeni hərbi toqquşmada maraqlıdır". Bunu "Şərq"ə Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Partiya təmsilçisi qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan indiki ritorikasını davam etdirsə, sülh müqaviləsinin imzalanmasından yayınsa, hərbi toqquşma qaçılmaz olacaq: "Vasitəçi ABŞ və Brüssel Paşinyanın pozuculuq siyasətinə seyrçi qalmaqdadır.

Vaşinqtonun susqunluq nümayiş etdirməsi əsasən Paşinyanın anti-Rusiya siyasəti həyata keçirməsi ilə bağlıdır. Halbuki regionda daha məntiqli və obyektiv siyasət ortaya qoyan ölkə Azərbaycandır. Paşinyan BMT-nin faktaraşdırıcı missiyanın Laçın dəhlizinə və Qarabağa göndərilməsi təklifi Rusiyanın əleyhinə olduğu üçün Vaşinqtondan dəstək görür. Ancaq ABŞ və Avropa İttifaqı Azərbaycanın Laçın dəhlizinə nəzarət-buraxılış məntəqəsi qurmasına da dəstək verir. Çünki bu məqam da Rusiyanın bölgədə fəaliyyətini məhdudlaşdırır. Lakin indiki məqamda Paşinyanin təklifi sülhə və təhlükəsizliyə təhdid olmaqla yanaşı, böhranın dərinləşməsinə xidmət edir. Rəsmi Bakı ABŞ və Avropa İttifaqı ilə sıx işləməli, Ermənistanın diplomatik təşəbbüslərini neytrallaşdırmalıdır". 
  Analitikə görə, situasiya elə bir müstəviyə gəlib çıxıb ki, hər an silahlı toqquşmanın baş verməsi mümkündür:
"İrəvan yeni hərbi toqquşmanın baş verməsində maraqlı görünür. Paşinyan hökumətə "Artsax respublikası" ifadəsini yığışdırmaq göstərişi versə də, bu, baş nazirin gərginlikdə maraqlı olmadığını göstərmir. İrəvanın Azərbaycana qarşı ərazi iddiaları ilə yanaşı, sərhəddə və Qarabağda təxribatlar davam edir. Baş nazir gərginliyin artmağını istəməsəydi, erməni silahlı qüvvələri atəşkəsi davamlı pozmazdı".