Yaxın
vaxtlarda Türkiyə, Rusiya, İran və Suriya prezidentləri arasında görüş baş tuta
bilər. Bununla bağlı Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ankara-Dəməşq
arasında münasibətlərin normallaşdırılması planının hazırlanmasını şərh edərkən
bildirib. O qeyd edib ki, iki həftə əvvəl Moskvada nazirlər səviyyəsində görüş
baş tutub: “Hələlik nazir müavinləri səviyyəsində gələcək təmaslar davam edəcək.
Tezliklə, danışıqlar konkret nöqtəyə çatdıqda və qərarlar qəbul edildikdə, irəliləmək
mümkün olacaq. Liderlər səviyyəsində müzakirə olunacaq suallar var. Tezliklə
belə bir görüşün baş tutacağını deyə bilərəm”. İ.Kalının sözlərinə görə, Suriya
məsələsi bağlanmalı, orada müharibə dayanmalı və dünya buna öz töhfəsini verməlidir.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev
"Sherg.az"a bildirib ki, Suriya problemini gündəmə gətirən ABŞ olub.
Professorun sözlərinə görə, Amerika Yaxın Şərqi tamamilə öz əlinə keçirmək üçün
İraqdan sonra Suriyanı hədəf almışdı:
"ABŞ İraqda xeyli əsgərini itirmişdi
və əməliyyatlar ciddi reaksiya doğurmuşdu. O baxımdan qərara aldı ki, Suriyanı
öz içindən dağıtsın. Bunun da yolu ölkədəki bəzi qruplaşmaları üz-üzə qoymaq,
aralarında qarşıdurma yaratmaq idi. Vaşinqton öz istəyinə nail oldu və İŞİD
adlı terror təşkilatı yaratdı və bölgəni qarışdırdı. Təbii ki, Rusiyanın da
Suriyada öz maraqları var, çünki orada hərbi bazaları yerləşir. Suriyanın,
İraqın şimalı isə Türkiyə üçün əhəmiyyət kəsb edir. Bölgədə türkmənlər yaşadığı
üçün sözügedən ərazi Türkiyənin cənub-şərq sərhədlərinin təhlükəsizliyi üçün
bir növ qarant rolunu oynayır. İran isə Suriyadan daha çox İsrailə qarşı
istifadə etmək üçün yararlanır. Hizbullahçılar Suriyada da kök salıblar. İran
Suriyada artıq bir dövlətdir, olmaması gərəkən bir ölkədir. İran tətikləyici
statusda çıxış edir, bir növ Amerikanın mövqeyini dəstəkləyir. Bu da bölgədə
sülh prosesini gecikdirir. Eyni zamanda yeni təhdidləri gündəmə gətirir".

C.Nuriyev
vurğulayıb ki, Suriya ilə bağlı dördtərəfli görüşlərin keçirilməsi vacibdir:
"Moskva görüşündən sonra ölkələr arasında İşçi qruplar yaradıldı, ilkin
razılıq üçün çərçivə sənədlər hazırlandı. Hər tərəf öz marağını təmin etməyə
çalışır və təbii olaraq problemə birdəfəlik son qoymaq istəyirlər. Suriya
qaçqınlarının ən çoxu Türkiyədə cəmləşib və qardaş ölkədə kifayət qədər gərginlik
yaradıb. Narazılıqlardan sonra suriyalı qaçqınların əhəmiyyətli hissəsi Türkiyənin
yardımı ilə Suriyaya təhlükəsiz bölgəyə geri qaytarılıb. Fikrimcə, müzakirələr
davam edərsə, yaxın üç ay ərzində məhz Türkiyənin birbaşa iştirakı ilə Suriya
böhranına son qoyulacaq".