Rusiya yaxın müddət ərzində Ukrayna ərazilərindən çəkilmək
məcburiyyətində qalacaq
Prezident
Volodimir Zelenskinin administrasiyası Ukraynanın əks-hücuma başladığını təsdiqləyib.
Bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail
Podolyak bildirib. O deyib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı
bir neçə gündür ki, davam edir:
"Artıq bir neçə gündür əks-hücum gedir, sərhədin
1500 kilometrliyində gərgin müharibə gedir, hücumlar artıq başlayıb".
Podolyak Ukraynanın Rusiya ərazisinə qarşı Qərb silahlarından istifadə etməyəcəyini,
lakin Krımı və Donbası azad etmək üçün Rusiya ordusuna qarşı bu silahlardan
istifadə ediləcəyini vurğulayıb. Bu arada “Vaqner” muzdlu qrupu öz bölmələrini
Baxmutdan çıxarmağa başlayıb. Görüntülərdə “Vaqner”in rəhbəri Yevgeni Priqojin
döyüşçülərinə istirahət edərək növbəti tapşırıqlara hazırlaşacaqlarını deyir.
Qeyd edək ki, Yevgeni Priqojin ötən gün müsahibəsində Baxmutda 10 mini keçmiş məhbus
olmaqla ümumilikdə 20 min döyüşçü itirdiyini açıqlayıb.

Beynəlxalq Münasibətlər və Diplomatiya
Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a deyib ki, Ukraynanın əks-hücum əməliyyatları dərinləşərsə, təzyiqlər artarsa,
Rusiya yaxın müddət ərzində Ukrayna ərazilərindən çəkilmək məcburiyyətində
qalacaq. Ekspert düşünür ki, indiki məqamda Qərb ölkələrinin Ukraynaya hərbi
silah-sursat dəstəyi verməsi xüsusi əhəmiyyət daşıyır: "Əks-hücum əməliyyatları
daha çox silah-sursat, hərbi texnika və canlı qüvvə tələb edir. Ukrayna canlı
qüvvə və hazırlıqlı hərbçilər baxımından problem yaşamır. Məlumatlara görə,
Almaniya, Polşa, Böyük Britaniyada ruslarla döyüşmək üçün hərbçilər
yetişdirilir. O baxımdan indi əsas məsələ hərbi texnika ilə təchizatdır. ABŞ və
Avropa ölkələrinin Ukraynaya davamlı hərbi yardımı yüksələn xətlə davam edəcək.
Çünki 1500 km.lik cəbhə xətti kifayət qədər böyükdür. Ukrayna qüvvələri ciddi
üstünlük əldə edərsə, bu, psixoloji üstünlük də yaradacaq və müharibənin
taleyini həll edəcək".