Xankəndi üçrəngli bayrağı gözləyir...

Xankəndiyə bir addım qaldı

Əli silah tutan ermənilər kütləvi şəkildə Qarabağı tərk edirlər

Son günlər Ermənistanın Qarabağa göndərdiyi qeyri-qanuni hərbi birləşmələrinin üzvləri müxtəlif adlarla kütləvi şəkildə Xankəndini tərk edirlər. Görünür, İrəvan 2020-ci ildəki müharibədən əvvəl Qarabağa göndərilən döyüşçülərini oradan çıxarmaq qərarına gəlib. İddialara görə, Paşinyan hökuməti ilk növbədə Ermənistan liderinin yerlilərini, yəni Dilican rayonundan olanları xilas etmək barədə tapşırıq verib. Həmçinin Qarabağdakı "generalların" da Ermənistana qaçması ilə bağlı xəbərlər yayılır. Bloger Roman Baqdasaryan da erməni cəmiyyətinə müraciət edərək, "Qarabağ klanı"nın nümayəndələrinin Ermənistana daxil olmasının yaratdığı təhlükədən danışıb. Erməni bloger Karen Şirinyan da bildirib ki, Qarabağ bölgəsindən “hərbi xidmət”ə yararlı olan kişilər kütləvi şəkildə qaçır: "Necə olur ki, qadınlar, uşaqlar, qocalar Qarabağı tərk edə bilmirlər, amma bu kişilərə çıxış imkanı verilir? Bəsdirin, ağzımı açdırmayın! Müharibə vaxtı da belə qoyunlar arvadlarının ətəyinin altında gizlənib, qaçıblar, İrəvanda əyləniblər".
  
Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, separatçıların Qarabağı tərk etməsinə imkan vermək olmaz. Partiya rəhbərinin sözlərinə görə, azərbaycanlılara qarşı qətllərdə əli olan ermənilərin Qarabağdan qaçaraq cəzasız qalması yolverilməzdir:
"Laçındakı postumuzun əsas hədəfi erməni qatillərinin qaçışına mane olmaqdır. Cinayətkarlar haqqında kifayət qədər məlumatlar var. Məsələ ondadır ki, separatçılarla bağlı müxtəlif versiyalar var. Əksəriyyət yaranmış vəziyyəti görür və Qarabağda qalmağın mənasız olduğunu dərk edirlər. Çarəni qaçıb canlarını qurtarmaqda görürlər. Bununla yanaşı, separatçıların Ermənistana xüsusi missiya üçün aparıldığı da deyilir. Hər halda separatçıların qaçması daha real variantdır. Rusiya Qarabağdakı separatçı rejimin "rəhbərini" əvəzlədi. Paşinyanın separatçı Araik Arutyunyan haqqında dedikləri, separatçıların yeni "rəhbəri"ni "təbrik etməməsi" göstərdi ki, Qarabağda yaşananlar baş naziri narahat etməkdədir. Paşinyan Qarabağdakı dəyişikliyin özünə qarşı istifadə ediləcəyindən ehtiyatlanır".