“ABŞ İsrailin yanındadır”.
Bunu İsraildə səfərdə olan ABŞ Prezidenti Cozef Bayden İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə bəyanatında çıxışı zamanı deyib.
O bildirib ki, İsrail xalqının cəsarətini təqdir edir. C.Bayden İsrailin özünümüdafiə haqqının olduğunu söyləyib: “Onu da deyim ki, HƏMAS bütün Fələstini təmsil etmir”.
Birləşmiş Ştatlar lideri söyləyib ki, Ağ ev İsrailin müdafiəsi üçün lazım olan yardımı göstərəcək. O, həmçinin səfərinin məqsədinin ABŞ-ın İsraili dəstəklədiyini dünyaya nümayiş etdirmək olduğunu deyib.
ABŞ Prezidenti Qəzzadakı xəstəxanaya hücum barədə də danışıb. O, bunu partlayışla əlaqələndirib: “Görünən odur ki, xəstəxanaya hücumu siz (red: İsrail) yox, qarşı tərəf həyata keçirib. Amma bir çox adam buna inanmır”.
Açıqlama barəsində “Sherg.az”a danışan politoloq Turab Rzayev qeyd edib ki, Baydenin İsrail səfəri bir neçə məqsədə hesablanıb:
"Birincisi, ABŞ-də Prezident seçkiləri yaxınlaşır və Bayden ikinci dönəmə hazırlaşır. Onun reytinqi isə kifayət qədər zəifləyib. Hətta "topal ördək" adlandırılır. Bayden bu səfərdən istifadə edərək həm öz reytinqini qaldırmaq istəyir, həm də yəhudi lobbisinin və İsraili dəstəkləyən kəsimin dəstəyini qazanmağa çalışır. İkinci məsələ ondan ibarətdir ki, Bayden bu səfərlə faktiki olaraq Avropanın yenidən öz ətrafında konsilidasiya etməyi planlaşdırır. Xatırlayırsınızsa, Ukrayna müharibəsindən sonra ABŞ Prezidenti birbaşa Avropa ölkələrini Amerika və Britaniyanın formalaşdırdığı bloka qoşulmağa məcbur etdi. ABŞ və Britaniya eyni şəraitdə Avropa İttifaqını İsrail ətrafında konsolidasiya edərək vahid güc mərkəzi formalaşdırmağa çalışır. Bununla da Şərq blokuna mesaj verilir ki, biz burdayıq və kifayət qədər dəstəyimiz var".
Analitik əlavə edib ki, Amerika bölgədə hansısa eskalasiya riskinə qarşı birbaşa təsir edəcəyini bildirib:
"Daha əvvəl də İsrailə aviadaşıyıcı və 20 ədəd qırıcı göndərib. Digər tərəfdən düşünürəm ki, Baydenin şəxsən İsrailə səfəri İran, "Hizbullah", Livan, həmçinin onlara dəstək verən İran və Çinin bölgədə aktivləşməsinin qarşısını almağa hesablanıb. Xatırlayırsınızsa, Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin Şərq siyasətinin iflasa uğradığını demişdi. Bayden də bunun əksini göstərməyə çalışır. Ümumiyyətlə onun İsraili dəstəkləyən açıqlamaları da gözlənilən idi. Xəstəxanaya hücumla bağlı gah ölü sayı azdır, gah İsrail tərəfindən vurulmayıb dedilər. Əslində bu açıqlamalara çox da etibar etmək olmaz. Ancaq görünən odur ki, Bayden birbaşa Rusiya, İran və Çinə açıq şəkildə mesaj göndərir".