ABŞ-İran müharibəsi gözlənilir? - ŞƏRH

İran yaxın saatlarda ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələrinə hücum edəcək.

Bu barədə CNN ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.

Məlumata görə, İranın dəstəklədiyi proksi qüvvələrin ABŞ qüvvələrinə hücumu artırmağı planlaşdırdığına dair kəşfiyyat məlumatları mövcuddur.

“Bu qruplar artıq İraq və Suriyada ABŞ qüvvələrinə qarşı bir neçə pilotsuz təyyarə hücumu həyata keçirib. Lakin indi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində məlumat var ki, İsrail və HƏMAS arasında müharibənin getdiyi vaxt belə hücumlar arta bilər”, - CNN yazır.

Adının açıqlanmadığı ABŞ rəsmisi bildirir ki, İran bölgədəki silahlı qruplarına ABŞ və İsrail hədəflərinə hücum etmək təlimatı verib. Bu hücumun yaxın saatlarda baş verə biləcəyi gözlənilir.
Həmçinin Vaşinqton müxtəlif səviyyələrdə İrana xəbərdarlıqlar edib. Dövlət katibi Entoni Blinken də BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, İranla hərbi qarşıdurmanın baş verməsini istəmirlər, lakin ABŞ qüvvələrinə hücum edilərsə, cavab veriləcək.

İranla ABŞ-nin Suriya, İraq və Səudiyyə Ərəbistanında uzun illərdir proksi müharibə apardığını deyən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan "Sherg.az"a vurğulayıb ki, Tehran hakimiyyəti Amerika və İsrailin müxtəlif ölkələrdəki hərbi bazalarına hücumlarla qarşıdurmanı davam etdirir:

"Ötən həftələrdə ABŞ-nin Suriya və İraqdakı hərbi bazalarına hücumlar deməyə əsas verir ki, İran bu istiqamətdə fəaliyyətini artırıb. Çünki hücum edənlər İranyönümlü təşkilatlardır. Bunlardan əsası isə Livandakı "Hizbullah"dır. Ona görə də ABŞ birbaşa İran ərazisinə yox, İraq, Suriya və Livandakı İranyönümlü silahlı birləşmələrin mövqelərinə hücum edə bilər". 
Analitikin sözlərinə görə, İrana qarşı açıq hərbi əməliyyatlar yalnız SEPAH-ın İsrail və Amerikanın xaricdəki hərbi bazalarına hücumunun təsdiqlənəcəyi təqdirdə baş verə bilər:

"Hələ ki, İran hakimiyyəti ABŞ və İsrailə qarşı rəsmi hərbi qurumlar adından hücumlar təşkil etmir. Odur ki, yaxın zamanda ABŞ-İran müharibəsinin baş verəcəyi istisna olunur. Amma mümkündür ki, ABŞ və İsrail İranın region ölkələrindəki silahlı qruplaşmalarının mövqelərini və hərbi bazalarını sıradan çıxarmağa çalışacaq. Bu isə İran hakimiyyəti üçün çox böyük iqtisadi, mənəvi və hərbi zərbə olacaq".

Qeyd edək ki, Beynəlxalq mütəxəssislərin proqnozlaröna görə, mövcud situasiyada Yaxın Şərqdə ABŞ qüvvələrinə hücum olarsa, bu, genişmiqyaslı hərbi toqquşmaya səbəb olacaq və bu halda İsrail-HƏMAS müharibəsinin yaxın perspektivdə regional müstəviyə keçə biləcəyi istisna edilmir.