Sabiq nazir Brüssel görüşünün ləğv edilmə səbəbindən danışdı

Azərbaycan və Ermənistan liderləri bu ay Brüsseldə görüşməyəcək. Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.

Məsələyə münasibət bildirən sabiq xarici işlər naziri Elmar Məmmədyarov "Sherg.az"a deyib ki, bu mövzunu şərh etmək çox çətindir:

"Rəsmi məlumata görə ölkə başçılarının qrafikləri uyğun gəlməyib. Bu da ola bilər. Digər tərəfdən Bakının Ermənistan və Azərbaycanın birbaşa görüşlər keçirməsi çağırışı daha məqsədəuyğundur. Bunu mən də dəfələrlə demişəm ki, ən yaxşısı iki ölkə arasındakı birbaşa təmaslardır. Bu görüş üçüncü ölkələrdə və ya Azərbaycan-Ermənistan sərhəddində ola bilər. Ümumiyyətlə Brüsseldə görüşün niyə baş tutmadığını açıqlamaq çətindir. Həmçinin Toivo Klarr görüşün hansı vaxta keçiriləcəyini də söyləmədi. Sadəcə baş tutmayacağı açıqlandı. Bu da çox maraqlı bir məqamdır".

E.Məmmədyarov əlavə edib ki, Brüssel görüşünün ləğv edilməsinin Tehranda baş tutan "3+3" formatındakı görüşlə əlaqəsi olmadığını düşünür:

"Ümumiyyətlə Tehranda baş tutan görüş münaqişənin həlli ilə əlaqədar deyil. Bu təmaslarda regionun inkişafı məsələsi əsas götürlüb. Həmçinin düşünürəm ki, münaqişələrin həllinin "3+3" formatında müzakirəsinin mənası yoxdur".