Ermənistan növbəti müharibəyə hazırlaşır  - ŞOK

Fransadan alınan silahların köməyi ilə biz tam şəkildə səmanı bağlaya bilərik.
Bu sözləri Qarabağdakı keçmiş separatçıların İrəvana qaça bilmiş keçmiş nümayəndəsi Samvel Babayan deyib.
O bildirib ki, Ermənistanın hansı nəsil silahlar almasından xəbəri yoxdur:

“2021-ci ildə mən baş nazirə bu şirkətlə (Fransanın “Thales” şirkəti nəzərdə tutulur – red.) əməkdaşlıq haqqında yazdım. Bu fransız şirkəti çox yaxşı inkişaf etmiş elektronikaya malikdir: o silahlar PUA-ları sıxışdıra və onların əraziyə daxil olmasına mane ola bilər. Sevinirəm ki, Ermənistan nəhayət bu silahları almaq imkanına malikdir. Raket sistemi həm məhv etmək, həm də müdafiə üçün nəzərdə tutulub”.
O iddia edib ki, 2020-ci il müharibəsindən sonra Rusiyadan heç bir yardım, silah alınmayıb:

“Ona görə də Ermənistan hava hücumundan müdafiə qüvvələrini təkmilləşdirmək və özünə uyğun silah seçmək qərarına gəlib. Onlar (Rusiya - red.) Ukraynada o qədər məşğuldurlar ki, silah tədarük edə bilmirlər və biz də gözləyə bilmərik”.

O, Ermənistan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sisteminin Fransa, artilleriya sistemlərinin, məsələn, Hindistan istehsalı olmasında problem görmədiyini də vurğulayıb.

Ermənistanın növbəti müharibəyə hazırlıq gördüyünü deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a bildirib ki, ancaq bununla bağlı açıq məlumat verilmir:

"Ermənistan tərəfi iki müharibə keçirərək ağır şəkildə məğlub olub. Bu ölkə iqtisadiyyatını çökdürüb və əhali başqa dövlətlərə köç edir. Həmçinin maaş və pensiyalarla bağlı problemlər yaranır. Bütün bunların fonunda Ermənistan milyardlarla dollar vəsaiti silahlanmağa ayırır. Sual yaranır ki, iqtisadi çöküş yaşayan Ermənistan niyə bu qədər pulu silah almağa yönəldir? Aydın məsələdir ki, Gürcüstan və İranla problemi olmayan Ermənistanın yeganə hədəfi Azərbaycandır. Yəni Ermənistan Azərbaycanın hücumlarına qarşı havadan müdafiə qabiliyyətini artırır. Çünki xüsusilə vurğulanıb ki, yeni alınacaq sistemlər PUA-ların qarşısını alacaq. Eyni zamanda Azərbaycana qarşı hücum silahları da alınır".
Analitik əlavə edib ki, silah alımı ilə rəsmi açıqlamalar üst-üstə düşmür:

"Yəni Ermənistan bir tərəfdən yeni ilə qədər sülh müqaviləsi imzalayacağını deyir, digər tərəfdən isə silahlanır. Bundan başqa artıq xaricdə də erməni terrorçu dəstələrinin yenidən qruplaşdırılması ilə bağlı xəbərlər yayılıb. Belə ki, onlar "ASALA"ya bənzər təşkilatlar yaradaraq müasir terrorçu dəstə formalaşdırmaq istəyirlər. Digər versiya isə Ermənistanın Qərb tərəfindən silahlandırılaraq gələcəkdə Rusiyaya qarşı istifadə edilməsidir. Ancaq bu daha az ağlabatandır. Çünki Qərbin Ermənistanda gücü daha azdır. Həmçinin Rusiyaya qarşı Qafqazda cəbhə açmaq üçün Ermənistanın Qərblə birbaşa sərhədləri də yoxdur. Ona görə də belə bir silahlanma Azərbaycanı narahat edir. Düşünürəm ki, bununla bağlı Ermənistan rəhbərliyinə açıq xəbərdarlıq edilməlidir".

Qeyd edək ki, Fransa Ermənistana “Thales” şirkətinin istehsalı olan 3 ədəd GM-200 HHM sistemi, həmçinin “Mistral” verəcək.