Qarabağda ləğv edilmiş qondarma rejimin “rəhbəri” Samvel Şahramanyan İrəvanda yeni çıxışa hazırlaşır.
publika.az xəbər verir ki, Şahramanyan yaxın günlərdə “susqunluğunu” pozacaq və hər şeyi açıqlayacaq.
“Hraparak” nəşri yazır ki, Şahramanyan Babayandan fərqli olaraq Ermənistanın İctimai kanalında danışmayacaq:
“Ona burada efir vaxtı verilməyib. O, sadəcə müsahibəsini dərc edəcək və hər şeyi – Qarabağdan çıxmamışdan öncə baş verənləri, aparılan danışıqlar, Ermənistana qayıdan erməni əhalisinin problemləri, o cümlədən, hansı problemlərin “ixtira edildiyini” açıqlayacaq”.
Şahramanyanın Paşinyan hakimiyyəti ilə qarşıdurması fonunda onun fikirlərinin yeni qarşıdurmaya səbəb olacağı gözləntisi var. Məlumatlara görə, Ermənistan hakimiyyəti separatçıları sıradan çıxarmaq üçün yeni addımlar atmağa hazırlaşır.
“Hraparak” yazır ki, Paşinyan Şahramanyana qarşı Babayanla yanaşı, yeni fiqur da irəli sürmək niyyətindədir.
“Məlumatlar var ki, hakimiyyət Babayanın Şahramanyana qarşı təşkil etdiyi aksiyadan razı qalmayıb. Artıq yeni fiquru oyuna daxil etmək niyyətindədir. Bu şəxsin keçmiş “xarici işlər naziri” Armen Qriqoryan olacağı gözlənilir”, – nəşr yazır.
Nəşr əlavə edir ki, Paşinyanın planı (qondarma) “artsax” “strukturlarını” ləğv etmək, onları QHT-yə çevirməkdir.
Prosesləri "Sherg.az"a şərh edən politoloq Zərdüşt Əlizadə söyləyib ki, Ermənistanın daxili-siyasi həyatında mübarizə gedir:
"O cümlədən Qarabağdan köçmüş ermənilər də bu cəmiyyətdə özləri üçün layiqli yer axtarırlar. Paşinyanın Şahramayana qarşı kimi irəli sürəcəyi isə Ermənistan hakimiyyətinin öz işidir. Bunun Azərbaycanın vəziyyətinə, məqsədlərinə və iş fəaliyyətinə heç bir təsiri yoxdur. Ümumiyyətlə son hadisələr onu göstərdi ki, Ermənistanda Paşinyana qarşı hansısa ciddi siyasi qüvvə formalaşa bilmir. Hətta vaxtilə Prezident olmuş adamlar belə heç bir nüfuz sahibi deyillər. O cümlədən Qarabağdan köçüb gələn və ölkə daxilində iqtisadi,siyasi, inzibati dayağı olmayan insanların da Nikol Paşinyana qarşı mübarizə aparmaq imkanları yoxdur. Ona görə də belə açıqlamalara fikir vermək lazım deyil. Bu stəkandakı fırtınaya bənzəyən bir hadisədir".
Analitikin sözlərinə görə qondarma "artsax" "strukturlar"ının ləğv edilərək QHT-yə çevrilməsində problem yoxdur:
"Bu Ermənistanın öz işidir. Bizdə də Qərbi Azərbaycan İcması adlı QHT var. Yəni yaradılacaq QHT rəsmi dövlət strukturu deyil. Həmçinin Qarabağ ermənilərinin də QHT yaratmaq hüquqları var".