2021-ci il yanvarın 30-da Ağdamın işğaldan azad olunmuş Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb.
Mərkəzin əsas məqsədi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.
Qarabağda münaqişənin başa çatdığını nəzərə alsaq, Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzinin aqibəti necə olacağı hər kəsi düşündürür. Sual yaranır ki, bu monitorinq mərkəzinə ehtiyac qalıb mı?
Məsələ ilə bağlı açıqlama verən hərbi ekspert Ədalət verdiyev “Sherg.az”a bildirib ki, Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi Azərbaycan ərazisində müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlı kontingentinə nəzarət məqsədilə yaradılıb:
"Hazırda nəzərə alsaq ki, sülhməramlı kontingent öz fəaliyyətini getdikcə məhdudlaşdırır, o zaman Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin ərazidəki fəaliyyətlərini yekunlaşdırması mümkündür. Yəni rus sülhməramlılarının Azərbaycan ərazisindən getməsi ilə bu nəzarət qurumunun öz fəaliyyətini dayandırması gözlənilir.
Həmçinin mümkündür ki, Monitorinq Mərkəzi də sülhməramlı kontingent kimi fəaliyyətini hissə-hissə dayandırsın. Proseslər daha çox Azərbaycanla Türkiyə və Rusiya rəhbərliyi arasında əldə olunacaq şifahi razılaşmalar əsasında həyata keçiriləcək. Bir sözlə desək, rus sülhməramlıları Azərbaycan ərazisində qaldığı müddətdə birgə monitorinq mərkəzi də fəaliyyətini davam etdirəcək".
Qeyd edək ki, Birgə Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.
Monitorinq Mərkəzində həm Türkiyə və Rusiya tərəfdən 60 hərbi qulluqçu xidmət göstərir.
Monitorinq mərkəzinin Türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, Rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.