Paşinyan AB müşahidəçilərini iki ay müddətinə ölkəyə gətirdi, sonra müddət uzadıldı, onların hamısı xüsusi xidmət orqanlarının nümayəndələri, kəşfiyyatçılardır. Erməni-amerikan təlimləri zamanı İrəvana Pentaqonun 101-ci diviziyasının xüsusi təyinatlıları gəldi. Onlardan neçəsinin geri qayıtdığı hələ də sual altındadır. Ermənistana gələnlər arasında Xilasetmə Xidmətinin üzvləri də var idi, onlar da NATO nümayəndələridir.
Bunu erməni hərbi ekspert Hayk Nahapetyan “Voll Strit Jurnal”a müsahibəsində Paşinyanın Ermənistanın təhlükəsizliyinin şaxələndirilməsi ilə bağlı sözlərini şərh edərkən deyib.
“Əslində, Paşinyan tədricən NATO üzvü olan ölkələrdən İrəvanda bəzi funksiyaları yerinə yetirməli olan müxtəlif kadrları dəvət edir və bu, məxfilik kimi qiymətləndirilir. Fransa ilə hərbi-texniki əməkdaşlığa dair sazişə gəlincə, Ermənistan təkcə silah almaqla kifayətlənmir, saziş həm də hərbi təhsil müəssisələrinin zabit və çavuşları ilə işləməyi nəzərdə tutur. İştirakın təkcə hərbi-texniki deyil, həm də təhsil və kadr komponenti olduğu aydın deyilmi? Başqa sözlə, Paşinyan NATO-ya üzv ölkələrin Ermənistanda təmsilçiliyini artırmaqla təhlükəsizlik arxitekturasını dəyişmək üçün praktiki olaraq addımlar atır. Yəni çox konkret dəyişikliklər edirlər və Rusiya, eləcə də İran bunu çox gözəl görür. İran üçün NATO-nun Ermənistanda birbaşa təmsil olunması qırmızı xəttdir, amma Tehran da başa düşür ki, NATO İrəvana görünməz vasitələrlə nüfuz edir. Düşünürəm ki, İran kəşfiyyatı bütün bunlardan xəbərdar ola bilər. Qərar var və hesab edirəm ki, bu qərarı Paşinyan verməyib, bunu bizə dost olmayan ölkələrin hərbi-siyasi rəhbərliyi verib. Bu qərara görə, Ermənistan NATO ərazisinə çevrilməlidir ki, bu da Rusiyanın cənubuna, eləcə də İrana problem yaradacaq. Ona görə də bu iki dövlət azsaylı müşahidəçilərə və hərbi təlimlərə belə kifayət qədər sərt reaksiya verir. Onlar bilirlər ki, bu, son nəticəsi və məqsədi 102-ci hərbi bazanın buradan çıxarılması və onun NATO qoşunları, Fransa silahları və onların təlimatçıları ilə əvəzlənməsi olan bir prosesdir.
Yeri gəlmişkən, hətta Azərbaycan lideri bildirib ki, Fransanın buraya müdaxiləsi müharibə və ya hərbi əməliyyatların bərpası təhlükəsi daşıyır. Təsadüfi deyil ki, görüş “3+3” formatında keçirilib və ən azı 4 iştirakçı dövlət bu regiona kənardan qüvvələrin və dövlətlərin cəlb edilməməsinin, buna imkan verilməməsinin tərəfdarıdır. Bu arada, indiki İrəvan hakimiyyətinin bu gün öz üzərinə götürdüyü də budur. Bu, “3+3” qrupundan ən azı dörd dövlət üçün qırmızı xəttdir. Əslində belə çıxır ki, Paşinyan kollektiv Qərbi və NATO-nu regiona gətirir və bunun dövlətimiz üçün dağıdıcı nəticələri ola bilər. İran, Rusiya və Azərbaycan bu və ya digər şəkildə bizə xəbərdarlıq edir”, - o bildirib.
Erməni ekspertin fikirlərində müəyyən qədər həqiqət payı olduğunu deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a vurğulayıb ki, bununla bağlı Paşinyanın da açıqlaması olub:
"O bildirib ki, Rusiya özünün müttəfiq əlaqələrdən doğan və Ermənistanın təhlükəsizliyinə zəmanət verən öhdəliklərini yerinə yetirməyib. Yəni bu əslində Ermənistanın yeni müttəfiqlər axtarışında olduğunun göstəricisidir. Həmçinin bu addımlar Rusiyadan uzaqlaşmaq və ona etimad etməmək kimi də qiymətləndirilə bilər. Biz bu nöqtədə baxmalıyıq ki, Ermənistan yeni müttəfiqlər deyəndə kimi nəzərdə tuta bilər.
Təbii ki, onlar Rusiyaya yaxın ölkələr olmayacaq. Çünki hazırda dünyada qütbləşmələr baş verir. Qütbləşmələrin önəmli tərəflərindən biri də Rusiyadır.
Bu mənada Kremlə yaxın olan mərkəzlər heç bir şəkildə Ermənistana dəstək məsələsində Moskvanın fikirlərini almadan addım atmazlar. Ona görə də Ermənistanın yeni müttəfiqləri Qərb mərkəzləri ola bilər. Çünki başqa alternativ yoxdur. Digər tərəfdən tərəfsiz ölkələrin Ermənistanı müdafiə etməsi də mümkün deyil. Artıq Qərb və Ermənistan arasındakı müttəfiqliyin əməli addımları da görülür. Yəni son baş verənlər onu göstərir ki, hazırda Paşinyan iqtidarı Ermənistanı sürətlə Qərbə inteqrasiya etməyə çalışır. Bu isə heç də sivil deyil və siyasi, hərbi əhəmiyyət daşıyır. Hətta regionda pozuculuq fəaliyyətinə də çevrilməsi mütləqdir. Ona görə ki, ermənilər Qərbi Cənubi Qafqaza gətirməklə özlərinin və regionun təhlükəsizliyini ciddi sual altında qoyurlar. Ümumiyyətlə Cənubi Qafqaz heç bir vaxt Qərb mərkəzlərinin təsir dairəsində olmayıb. Bu mənada region dövlətləri İran və Rusiya heç vaxt razı olmaz ki, Ermənistan Qərb dairələrini onların təhlükəsizliyini ən ciddi şəkildə təsirlənəcəyi bölgəyə gətirsin. Eyni zamanda bu, Azərbaycan və Türkiyəyə də sərf etmir".
Ekspert əlavə edib ki, Ermənistan yeni müttəfiqlər taparkən region dövlətləri ilə düşmənə çevrilir:
"Heç kəsə sirr deyil ki, İran və Rusiya Ermənistan hər zaman həm maddi, həm siyasi, həm də texniki baxımdan dəstəkləyib. Ermənilərin bu reallıqları gözardı etməsi isə maraqlı məqamdır. Ermənistanın NATO ölkəsinə çevrilməsi üçün isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması lazımdır. Sual yaranır ki, bu nə qədər realdır? Düzdür Ermənistan suveren dövlət kimi bundan imtina edə bilər. Lakin ataman Rusiya və İranın mövqeyinin necə olacağını söyləmək çətindir. Ümumiyyətlə KTMT-dən çıxmaq NATO-ya daxil olmaq üçün ilk addım hesab oluna bilər. Amma Rusiya hər şeyi görür və bu Ermənistanın son addımı olar. Hətta Gümrüdəki baza Ermənistanı tam ram etmək gücündə olmasa belə oradan ilk addımlar atılar. Təxribat törətmək Rusiyanın əlində çox asandır. Yəni Moskva Gümrüdə kiçik bir təxribat törədərək ora daha böyük hərbi güc yığa bilər. Bu, baş tutarsa, Qərbin cavab verib-verməməsi isə məchuldur. Bir sözlə Qərb dövlətlərinin regiona müdaxiləsi və Ermənistanın NATO dövlətinə çevrilməsi mümkün deyil. Əgər Ermənistan bunda israr edərsə, varlığını sual altında qoya bilər".