Açıqlamaları pozitivdir, amma maraqlarımıza uyğun deyil!

Ermənistan iki ölkə arasında siyasi fikir ayrılıqları başa çatandan sonra Azərbaycandan təbii qaz almağa hazırdır.
Ermənistan mətbuatı xəbər verir ki, bunu Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop 

Vardanyan Tbilisidə keçirilən “İpək yolu” beynəlxalq forumunda deyib.

Vardanyan xatırladıb ki, Azərbaycanla Ermənistan arasındakı münaqişədən əvvəl Ermənistan Azərbaycandan təbii qaz alırdı: “Azərbaycandan qaz və elektrik enerjisi təminatının dayandırılması Ermənistanın qaz və elektrik sistemi üçün şok yaratmışdı. Çünki biz o vaxt Azərbaycandan qaz alırdıq. Bundan sonra Gürcüstan ərazisindən qaz xətti çəkməli olduq. Ümid edirəm ki, bizim regionumuzda sülh bərqərar olacaq və biz o vaxtlar olduğu kimi əməkdaşlıq edə, enerji sistemimizi diversifikasiya edə biləcəyik”.

Çıxışı "Sherg.az"a şərh edən siyasi şərhçi Turan Rzayev söyləyib ki, bu çox mühüm açıqlamadır:

"Amma indiki məqamda bir qədər çiydir. Düzdür, Azərbaycanın SSRİ dövründə Ermənistanla iqtisadi əlaqələri yaxşı olub. Müharibənin başlaması ilə onlara qazın verilməsi dayandırıldı. Ermənistan tərəfinin indiki məqamda belə açıqlama verməsi pozitiv görünsə də, ortada suallar var. Yəni Azərbaycan təklif edir ki, kommunikasiya xətləri açılsın və nəqliyyat əlaqələri bərpa edilsin. Ermənistan isə bunu etmədiyi halda Azərbaycandan qaz ala biləcəyini söyləyir. Bu Bakının maraqlarına uyğun deyil".

Ekspert əlavə edib ki, Ermənistana qaz satışı onsuz da nəqliyyat əlaqələri açılsa və münasibətlərin normallaşsa, baş verəcək:

"Hətta Azərbaycan Prezidenti də demişdi ki, biz Ermənistanla yeni layihələr icra edə bilərik. Digər tərəfdən Ermənistan vaxtilə də Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan kimi layihələrdən kənarda qaldı. Halbuki bu xətlər Gürcüstanda yox, Ermənistandan keçsəydi, həm xərci, həm də çatdırılma məsafəsi daha az olardı. Düzdür, gələcəkdə də yeni layihələr imzalana bilər. Amma bunun üçün Ermənistanın sülh sazişini imzalaması və Azərbaycanın təklifləri ilə razılaşması lazımdır. Bunun Xaricində verilən açıqlamalar pozitiv görünsə də, maraqlarımıza uyğun deyil".

Qeyd edək ki, hazırda Ermənistan təbii qazı İrandan və Rusiyadan alır. İrandan aldığı qazın əvəzinə Ermənistan bu ölkəyə elektrik enerjisi verir.