"Tehran qabağlayıcı tədbirlərlə fərqlənmək istəyir"

İran Quru Qoşunları İsfahan vilayətində 2 günlük genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Bu barədə İRNA məlumat yayıb.

Məlumata görə, quru qoşunlarının “Güc-2023” (İqtidar-1402) adlı təlimində raket, artilleriya, hava, piyada, zirehli, hava-desant, elektron döyüş və müasir döyüş bölmələri iştirak edir.
Təlimdə quru qoşunlarının mümkün təhlükələrə qarşı döyüş və müdafiə qabiliyyəti qiymətləndiriləcək.

Yaxın Şərqdə qəfil başlayan müharibənin bir sıra dövlətləri də hərəkətə gətirdiyini deyən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Sherg.az"a bildirib ki, bəzi ölkələr öz təhlükəsizliyini qorumaq üçün fəaliyyətə başlayıblar:

"Görünür ki, müharibələr artıq Yaxın Şərq və Şərqi Avropada bir sıra dövlətlərin təhlükəsizlik sistemlərinə də təsir edib. Bu mənada İran da Yaxın Şərqdə ənənəvi maraqları olan bir dövlətdir. Təlimlərə başlayaraq İran tərəfi həm gücünü göstərir, həm də bəzi dövlətlərə "mən də hazıram" mesaj verir. Həmçinin xüsusilə vurğulamaq lazımdır ki, genişmiqyaslı təlimlərdə raket, artilleriya, hava, piyada, elektron və müasir döyüş bölmələri iştirak edir. Rusiya-Ukrayna müharibəsində İranın innovativ texnologiyaların tədbiqi və Pilotsuz Uçuş Aparatlarının istehsal istiqamətində müəyyən məsafə qət etdiyini gördük. Təlimlər isə qoşunların mümkün təhlükələrə qarşı müdafiə və döyüş qabiliyyətini qiymətləndirmək üçün fürsətdir. Digər tərəfdən ola bilsin ki, İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsi və baş verən ümumi proseslər fonunda genişmiqyaslı müharibə ehtimallarını nəzərə alan Tehran qabağlayıcı tədbirlərlə fərqlənmək istəyir".