Ermənilər Qarabağa geri qayıtmaq niyyətində deyil-Şərh

Əslində, onları “qaçqın” elan edən rəsmi İrəvan da siyasi və iqtisadi maraqlarına görə bunu istəmir

Burada məqsəd “Qarabağın erməni əhalisindən” Bakıya qarşı təzyiq aləti kimi istifadə etməkdir


Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsi Ermənistanın müraciəti ilə bağlı iclasında Azərbaycanın Qarabağın erməni əhalisinin "hüquq və azadlıqlarının təmin edilməsi" ilə bağlı qərar çıxarıb. Qərarın lehinə 13, əleyhinə isə 2 səs verilib. Məhkəmə sədri Coan Donahyunun oxuduğu qərarda bildirilib ki, Azərbaycan ermənilərin Qarabağa qayıtmasını təmin etməlidir. Bundan əlavə, Qarabağda qalan və getmək istəyən ermənilərin təhlükəsiz və maneəsiz şəkildə gedə bilmələri təmin edilməlidir. Həmçinin qeyd olunub ki, Bakı Qarabağa qayıdan ermənilərə "güc tətbiqindən və ya hədə-qorxu"dan yayınmalıdır. Qərara əsasən, Azərbaycan 8 həftə ərzində ermənilərin "hüquqlarının təmin edilməsi" barədə hesabat təqdim etməlidir. Qeyd edək ki, Azərbaycan bütün bu öhdəlikləri və hətta daha çoxunu BM-in qərarları olmadan da üzərinə götürüb və öhdəliklərin icrası yönündə bir çox addım atıb. Buradan aydın görünür ki, BMT-nin Beynəlxalq Məhkəməsinin qərarları qərəzlidir. 

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, “Azərbaycan ermənilərin geri qayıtmasını təmin etməlidir” məsələsi mütəmadi olaraq gündəmə gətirilir. 
Onun sözlərinə görə, ermənilər geri qayıtmaq niyyətində deyil: 

"Əslində, onları “qaçqın” elan edən rəsmi İrəvan da siyasi və iqtisadi maraqlarına görə bunu istəmir. Burada məqsəd “Qarabağın erməni əhalisindən” Bakıya qarşı təzyiq aləti kimi istifadə etməkdir. Qərarda diqqətçən bir məqam da var. Qeyd olunur ki, Azərbaycan Qarabağın erməni əhalisinin bütün qeydiyyat sənədlərinin, şəxsiyyətini təsdiq edən sənədlərin və xüsusi mülkiyyət sənədlərinin saxlanmasını təmin etməlidir. Erməni əhalisinin şəxsiyyətini təsdiq edən sənəd Ermənistan pasportu və qondarma rejimin saxta “pasportları”dır. Ermənilər özləri ilə sənədlərini də aparıb, bu baxımdan, həmin sənədlərin Azərbaycan tərəfindən saxlanılması praktik olaraq mümkün deyil. Azərbaycanın suveren ərazisində başqa ölkənin və qondarma rejimin “pasportunun” mövcudluğu beynəlxalq hüquqa uyğun gəlmir: BM-in qərarındakı bu tələb kağız üzərində “qeyd” olaraq qalacaq". Analitikin fikrincə, erməni əhalisinin xüsusi mülkiyyət sənədləri şübhəlidir: "Onların böyük hissəsi işğal dövründə Azərbaycan ərazisinə qanunsuz köçürülüb və qovulan azərbaycanlıların mülklərini ələ keçiriblər. BM-nin qərarı praktik müstəvidə nəyisə dəyişmək gücündə deyil. Lakin qərara əsasən, Azərbaycan 8 həftə ərzində ermənilərin hüquqlarının təmin edilməsi və görülən tədbirlər barədə BM-yə hesabat təqdim etməlidir. Rəsmi Bakı hesabata işğal dövründəki qanunsuz köçürmələri, gedən ermənilərin böyük hissəsinin Qarabağa aidiyyətinin olmadığı faktlarını, o cümlədən, ermənilənin mənimsədiyi mülklərin azərbaycanlılara məxsus olduğuna dair sənədləri daxil edə bilər".