"Azərbaycan növbəti dəfə böyük və mötəbər tədbirə ev sahibliyi edir".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputat bildirib ki, Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir:
"Azərbaycanın QH-na uğurlu sədrliyini nəzərə alaraq, yekdil qərarla birliyə sədrlik bir il uzadıldı. Azərbaycan 2023-cü ilin sonuna kimi Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində çıxış edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı dünya miqyasında əhəmiyyətli bir təsisata çevrildi. Qoşulmama Hərəkatı beynəlxalq təsisatlar içində BMT-dən sonra ikinci təşkilatdır. Azərbaycanın sədrliyi dövründə QH-nin həyata keçirdiyi tədbirlər, irəli sürülən təklif və təşəbbüslər aparıcı beynəlxalq təşkilatlar tərəfindən, dünya ölkələri tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan sədrliyi dövründə institusional olaraq Hərəkatın fəaliyyətində ciddi dəyişikliklər həyata keçirdi. Hərakat daxilində parlament təsisatının, gənclər təşkilatının, qadınlar platformasının yaradılması Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilib. Bu institusional dəyişiklik Qoşulmama Hərəkatının üzv ölkələrinin daha sıx əməkdaşlığına təkan verib. Hərakatın içində hərəkətverici istiqamətlər müəyyənləşdirilib. Artıq Qoşulmama Hərəkatı tamamilə fərqli beynəlxalq təsisat formasında formalaşmış quruma çevrilib".
Qeyd edək ki, noyabrın 20-də Bakıda Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycanla yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutub. Tədbir Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iclasında səsləndirdiyi təşəbbüslər əsasında keçirilib. Konfransda qadın hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh və təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edib.