İsrail ordusu ilə HƏMAS hərəkatı arasında müvəqqəti atəşkəs 5 gün davam edəcək. Saziş layihəsi vasitəçilər yolu ilə müzakirə olunur. Amma İsrailin bəzi siyasi dairələri atəşkəs razılaşmasına etiraz edirlər, girovların dəyişdirilməsindən sonra savaşın davam edəcəyini deyirlər. Vurğulanıb ki, HƏMAS İsrail həbsxanalarından 30 fələstinli məhbusun azad edilməsi müqabilində oktyabrın 7-dən bəri əsir saxlanılan girovları hər gün 10 nəfər olmaqla azad etməyə razılaşıblar. İsrail də öz növbəsində Qəzza zolağında blokadada olan əhali üçün humanitar yardımla gündə 100-dən 300-ə qədər yük maşını keçirməyə razılıq verib. Deyilənə görə, atəşkəs dövründə quruda, dənizdə və havada bütün hərbi əməliyyatlar dayandırılacaq. İsrail Silahlı Qüvvələri quru əməliyyatının aparıldığı Qəzzanın şimalı səmasında öz PUA-larının kəşfiyyat uçuşlarını gündə 6 saat dayandırmağı öhdəsinə götürüb. HƏMAS üzvü Əbu Marzuk deyib ki, Qəzza zolağında atəşkəs noyabrın 23-də qüvvəyə minəcək. Bununla yanaşı, gündəmdə olan məsələlərdən biri də Fələstin dövlətinin yaradılmasıdır. Türkiyə Prezidenti R.T.Ərdoğan, o cümlədən Rusiya rəsmiləri Fələstin dövlətinin yaradılmasının zəruri olduğunu və bununla bağlı müzakirələrə hazır olduqlarını ifadə ediblər. Ərdoğan bildirib ki, 1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması artıq qaçılmazdır: "Bununla bağlı əlimizdən gələni edəcəyik. Fələstin məsələsi ədalətli siyasi həll yoluna qovuşmasa, regionumuzda daimi sülh və sabitliyin təminatı mümkün deyil".
Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl "Sherg.az"a açıqlamasında bildirib ki, 1967-ci ildən sonra Fələstin dövlətinin yaradılması aktiv şəkildə gündəmdə olub. Professorun sözlərinə görə, BMT 2012-ci ildə Fələstini üzv olmayan müşahidəçi dövlət kimi tanıma qərarı alıb:
"Qeyd etmək lazımdır ki, Fələstinin müşahidəçi dövlət statusu alması da olduqca mühüm addım idi. Fələstinlilərin BMT iclaslarına qatılması, önəmli müzakirələrdə iştirakı digər qurumlara üzvlük şansını da artırmış oldu. BMT-nin 193 üzvünün hardasa 70 faizdən çoxu Fələstini bir dövlət olaraq tanıyır, qəbul edir. Bu da ciddi məqamdır. İsraillə Qəzzada yaşayan fələstinlilər arasında gərginlik uzun müddətdir davam etməkdədir. Bu gərginliyin səbəbi də İsrailin atdığı addımlardır. İsrail və Fələstin arasındakı anlaşmazlığın səbəbləri müxtəlifdir. Fələstinli qaçqınların durumunun necə olacağı, zəbt olunmuş ərazilərdə yəhudi məskənlərinin qalıb-qalmayacağı, tərəflərin Qüdsü paylaşıb-paylaşmayacağı, İsrailin yanında Fələstin dövlətinin qurulub-qurulmayacağı və s. ciddi məsələlər mövcuddur. Tərəflər arasında danışıqlar, müzakirələr təxminən 30 ildir davam etsə də, bugünədək nəyisə həll etmək mümkün olmayıb. Reallıq isə odur ki, münaqişənin həllini tapacağı ilə bağlı da heç bir işarə yoxdur. Ancaq Türkiyə Prezidenti R.T.Ərdoğan, Rusiya və digər ərəb ölkələri bir araya gələrək müzakirələr aparmaq, problemləri həll etmək niyyətlərini ortaya qoyurlar".
T.İsmayıl diqqətə çatdırıb ki, ABŞ-nin sabiq prezidenti Donald Trampın hazırladığı sülh planını İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən "yüz ilin anlaşması" olaraq dəyərləndirmişdi:
"Lakin fələstinlilər bunu İsrailin lehinə təktərəfli saziş kimi gördülər və reallaşması mümkün olmadı. Çünki Tramp Qüdsün İsrailin paytaxtı olması məsələsini gündəmə gətirmişdi. Bu, ciddi problem yaradacaq amil olduğuna görə ABŞ istisna olmaqla əksər ölkə diplomatik nümayəndələrini Təl-Əvivdə saxlamışdı. Mövcud durum və gedişat tərəflər arasında qalıcı barışın yaranmasının çətin olduğuna dəlalət edir. Problemlər çox ciddidir. Şərqi Qüds, Məscidi Əqsa müsəlman dünyası üçün müqəddəs yerdir. Ümumiyyətlə, Qüds bütün dinlərin mərkəzi sayılır. Amma İsrail, xüsusən fanatik yəhudilər müsəlmanların ibadətinə maneçilik törədir".